Bakı.Trend:
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin
(XRİTDX) təşəbbüsü və dəstəyi ilə Bakı Ali Neft Məktəbində (BANM)
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının fəaliyyətə
başlaması ilə əlaqədar BANM-də açılış mərasimi keçirilib.
Trend xəbər
verir ki, tədbirdə XRİTDX-nin rəisi general-leytenant İlqar
Musayev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin
Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi general-mayor Davud
Rüstəmov, SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva, BANM-in
rektoru Elmar Qasımov, İqtisadiyyat Nazirliyinin Rəqəmsal idarəetmə
şöbəsinin müdiri Anar Nərimanov, Rumıniyanın İnformatika üzrə Milli
Tədqiqat və İnkişaf İnstitutunun (ICI Buxarest) elmi direktoru
Carmen Elena Cirnu və digər qonaqlar iştirak ediblər.
Açılış mərasimində çıxış edən XRİTDX-nin rəisi İlqar Musayev
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasının XRİTDX ilə
BANM arasında imzalanmış əməkdaşlıq haqqında memorandum
çərçivəsində və Azərbaycan Respublikası Prezidentinin 28 avqust
2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə
dair 2023–2027-ci illər üçün Strategiyası”nın aidiyyati
tələblərinin icrası çərçivəsində qurulduğunu qeyd edib. Eləcə də,
sözügedən Strategiyanın müvafiq bəndinin icrası çərçivəsində
laboratoriyanın texniki imkanlarının artırılması üçün xüsusi
proqram təminatları və əlavə avadanlıqlarla təmin edilməsi üzrə
işlərin İqtisadiyyat Nazirliyi ilə birgə davam etdirildiyi
vurğulanıb.
İ.Musayev XRİTDX-nin milli informasiya təhlükəsizliyinin təmin
olunmasında institusional lider kimi kadr hazırlığı və bilik
ekosisteminin formalaşdırılmasının əsas prioritet istiqamətlərdən
biri olduğunu iştirakçıların diqqətinə çatdırıb. Eləcə də, BANM-də
yaradılmış laboratoriyanın bu siyasətin praktik nəticəsi olmaqla,
dövlət qurumunun əməliyyat təcrübəsi ilə ali təhsil mühitinin
akademik potensialını birləşdirən konkret infrastruktur həll
olduğunu vurğulanıb.
Xidmət rəisi bildirib ki, NATO-nun Sülh və Təhlükəsizlik naminə
Elm Proqramı çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika
üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan
“Cyber Polygon” layihəsi beynəlxalq əməkdaşlıq çərçivəsində həyata
keçirilən qabaqcıl kibertəlim və sınaq platformasıdır. Onun
sözlərinə görə, bu platforma vasitəsilə kritik informasiya
infrastrukturlarına yönəlmiş real kiberhücum ssenariləri
modelləşdirilir, müdafiə mexanizmləri sınaqdan keçirilir və
insidentlərə operativ reaksiya bacarıqları formalaşdırılır.
Təməli qoyulan laboratoriya sadəcə universitetdə təhsil alan
tələbə, müəllim və tədqiqatçılar üçün deyil, eləcə də dövlət
qurumları əməkdaşlarının beynəlxalq standartlara uyğun
kiberinsident ssenariləri üzərində birgə işləmək, tərəfimizdən
təşkil olunacaq təlimlərdə iştirak etmək, praktik təcrübələri əldə
etmək imkanına malik olacaqlar.
Bu yanaşma laboratoriyanı yalnız tədris məkanı deyil, eyni
zamanda kibertəhlükəsizlik üzrə əməliyyat hazırlığının yoxlanıldığı
və təkmilləşdirildiyi test platformasına – kadr hazırlığı bazasına
çevirir.
Açılış mərasimində çıxış edən SOCAR-ın Bakı Ali Neft Məktəbinin
rektoru Elmar Qasımov isə bildirib ki, BANM-də yaradılmış
“İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyası ali təhsil
müəssisəsində informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü
tədrisin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. O qeyd edib
ki, laboratoriyanın fəaliyyətə başlaması ali təhsil müəssisəsində
informasiya təhlükəsizliyi sahəsində praktik yönümlü tədrisin
inkişafına şərait yaradır. E. Qasımov vurğulayıb ki, tədbirin
Azərbaycan Gəncləri Gününə təsadüf etməsi xüsusi rəmzi məna daşıyır
və yaradılmış bu mühit gənclərin müasir texnoloji biliklərə
yiyələnməsi, real sınaq platformalarında təcrübə qazanması və
gələcəkdə ölkənin kibertəhlükəsizlik sahəsində peşəkar
mütəxəssislər kimi formalaşması baxımından əhəmiyyətlidir. Rektor
dövlət qurumu ilə ali təhsil müəssisəsi arasında qurulan bu
əməkdaşlıq modelinin elmi potensialın gücləndirilməsinə və tədris
prosesinin müasir tələblərə uyğunlaşdırılmasına mühüm töhfə
verdiyini bildirib.
Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf
İnstitutunun (ICI Bucharest) elmi direktoru Carmen Elena Cirnu
çıxışında “İnformasiya Təhlükəsizliyi Testləri” laboratoriyasında
praktik təcrübənin tərkib hissəsi olmaqdan məmnun olduğunu ifadə
edərək, NATO-nun Sülh və Təhlükəsizlik naminə Elm Proqramı
çərçivəsində XRİTDX-nin və Rumıniyanın İnformatika üzrə Milli
Tədqiqat və İnkişaf İnstitutu ilə birgə icra olunan “Cyber Polygon”
layihəsinin əhəmiyyətindən danışıb. O bildirib ki, layihə
kibertəhlükəsizlik sahəsində simulyasiya əsaslı təlim və test
mexanizmlərini birləşdirən müasir platforma olmaqla, iştirakçılara
real kiberhücum ssenariləri üzərində praktiki bacarıqların
formalaşdırılması imkanı yaradır. Cirnu vurğulayıb ki, “Cyber
Polygon” vasitəsilə “scada” kimi kritik informasiya sistemlərinin
virtual mühitdə bənzəri yaradılmaqla real sistemləri təhlükəsizllik
testlərinə məruz qoymadan, həmin sistemlərin virtual “əkizləri”
üzərində testlər aparıla, təhlükəsizlik boşluqları aşkarlana
biləcəkdir. Platformanın XRİTDX tələblərinə uyğun olaraq lokal
qapalı serverlər üzərində qurulması və istifadəsi isə platformada
aparılacaq həssas simulyasiyaların belə konfidensiallığına zəmanət
verəcəkdir.

