Generaldan yadigar son foto: İyirmi üç gün sonra şəhid oldu… 

Baş səhifə

Tovuz döyüşləri Azərbaycan Ordusunun qəhrəmanlıq tarixinin mühüm səhifələrindən biridir. 2020-ci ilin iyulunda Ermənistan silahlı birləşmələrinin dövlət sərhədində törətdiyi təxribatların qarşısı qətiyyətlə alındı. Həmin döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusu istənilən hərbi çağırışa operativ, habelə adekvat cavab vermək iqtidarındadır.

Tovuz döyüşləri həm də Böyük Qələbəyə aparan yolun mühüm həlqəsi, qığılcımı oldu. 

Modern.az saytı Vətən uğrunda canından keçən, bizə miras qalan qəhrəmanlarımızın əziz xatirəsini anmaq üçün “Şəhiddən qalan son foto” rubrikasına başlayır. 

Rubrikamızın ilk təqdimatını da elə məhz Tovuz döyüşlərində şəhid olmuş əfsanəvi general Polad Həşimova həsr edirik.

21.06.2020-ci il, Şəmkir

Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovanın sözlərinə görə, bu foto Polad Həşimovun övladları ilə çəkilmiş son şəklidir:

“Dedi ki, böyük bir göl var, onun kənarında çox gözəl bir yer tanıyıram. Yeməkləri də, havası da əladır. Gedək, bir az hava alaq.

Yol boyu çəmənlikləri, yaşıl-boz təpələri göstərir, maraqlı söhbətlər edirdi. Barmağını böyük bir buluda uzadıb “Baxın, nə maraqlı görünür”, – dedi. Yemək süfrəsi arxasında isə durmadan uşaqların gələcəyindən danışırdı. Çox vaxt “Aybəniz xanım” deyə çağırdığı bircəcik qızımızın bir ildən sonra verəcəyi qəbul imtahanından, həkim olacağından söz açırdı. Övladlarına dünyanın bütün sərvətlərindən daha qiymətli olan ata nəsihətləri verirdi.

Bir ara gölün kənarına çəkilib uzun-uzadı uzaqlara baxdı. Dərin düşüncələrə daldı…

Sən demə, o bulud da, uzaqlara dikilən gözlər də Poladın artıq yeni və bizsiz bir yola girdiyinin xəbərçisi imiş.

İyirmi üç gün sonra şəhid oldu”.

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.

P.Həşimov 2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü ildə III dərəcəli “Vətənə xidmətə görə” ordeni, 2016-cı ildə Aprel döyüşlərində göstərdiyi şücaətə görə II dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.

Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bundan əlavə, generalın adı qardaş Türkiyədə də əbədiləşdirilib. Belə ki, Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.