
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə
Göyçay şəhəri, Atatürk prospektində yerləşən yaşayış binasında
yanğın baş verməsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Göyçay Rayon
Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər
sayəsində beşmərtəbəli yaşayış binasının zirzəmisində baş vermiş
yanğın genişlənməsinə, həmçinin mənzillərə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində binanın zirzəmi hissəsində 5kv.m. sahədə
süngər tullantıları yanıb. Tüstünün təsirinə məruz qalmış mənzildən
2 nəfər təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.


