Avstraliya “Red Flag Nellis” və “Bamboo Eagle 26-1” təlimlərinə qoşuldu

Baş səhifə

Bakı. Trend:

Avstraliya “Red Flag Nellis” və “Bamboo Eagle 26-1” hərbi hava
təlimlərində iştirak etmək üçün ABŞ-yə altı hərbi təyyarə və
220-dən çox pilot göndərib.

Trend xəbər verir
ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Açıqlamada bildirilir ki, Avstraliya Kral Hərbi Hava Qüvvələri
ABŞ və Birləşmiş Krallıqdan olan hərbi pilotların da iştirak
edəcəyi hava döyüş təlimləri üçün Nevada ştatındakı Nellis Hərbi
Hava Qüvvələri bazasına altı ədəd “F-35A Lightning II” və “E-7A
Wedgetail” təyyarəsi, eləcə də 227 pilot göndərib.




Avstraliya kontingentinin komandiri Metyu Deveson qeyd edib ki,
tərkibinə yalnız təyyarə heyətləri deyil, həm də taktiki
komandanlıq və idarəetmə qrupunu daxil edən kontingent manevrlər
zamanı Avstraliya, ABŞ və Böyük Britaniya hərbçiləri ilə birgə
“inteqrasiya bacarıqlarını tətbiq etməyi və əsas müttəfiqlər və
tərəfdaşlarla qarşılıqlı əlaqə imkanlarını gücləndirməyi”
planlaşdırır.

Qeyd edək ki, “Red Flag Nellis” və “Bamboo Eagle” təlimləri
yüksək texnologiyalı münaqişələrə hazırlıq məqsədi daşıyan və ABŞ
ilə müttəfiqlərinin iştirakı ilə keçirilən ən iri hava qüvvələri
manevrləri hesab olunur.