
Bakı. Trend:
2025-ci ildə Azərbaycanla Gürcüstan arasında ticarət
əməliyyatlarının həcmi 881,3 milyon ABŞ dolları təşkil edib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə
77,3 milyon ABŞ dolları və ya 9,6% çoxdur.
Hesabat dövründə Gürcüstan ilə ticarət dövriyyəsi Azərbaycanın
ümumi ticarət dövriyyəsinin 1,78%-i həcmində olub. Bununla da
Gürcüstan hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət
əməliyyatları apardığı ölkələr sırasında 10-cı pillədə
qərarlaşıb.
Ötən il Azərbaycandan Gürcüstana 712,7 milyon dollarlıq məhsul
ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 37,5 milyon ABŞ
dolları və ya 5,5% çoxdur.
Dövr ərzində Gürcüstana ixrac əməliyyatlarının 1,586 milyon ABŞ
dolları bitumlu süxurlardan alınmış xam neft və xam neft
məhsullarının payına düşüb. Bu dəyərdə sözügedən məhsulların həcmi
isə 3,838 min ton təşkil edib. Əvvəlki ilin eyni dövründə
Azərbaycandan Gürcüstana sözügedən məhsulların ixracı qeydə
alınmayıb.
Eyni zamanda 2025-ci ildə Azərbaycandan Gürcüstana 347,9 milyon
ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da
2024-cü illə müqayisədə 75,2 milyon ABŞ dolları və ya 27,6% çoxdur.
Azərbaycanın qeyri-neft məhsulları ixracında Gürcüstanın payı 9,59%
təşkil edib. Bununla da Grücüstan Azərbaycanın ən çox qeyri-neft
məhsulları ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə
qərarlaşıb.
Hesabat dövründə Gürcüstandan Azərbaycana isə 168,7 milyon ABŞ
dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü
illə müqayisədə 39,8 milyon ABŞ dolları və ya 30,9% artım
deməkdir.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423
milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu,
əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın,
24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə
ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard
dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo
yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3
dəfə azdır.


