
Bakı. Trend:
Fransa İranda hökumət əleyhinə etirazlarının yatırılmasına görə
Avropa İttifaqının bir sıra iranlı məmurlar və güc strukturlarının
nümayəndələri barəsində sanksiyaların tətbiqi, həmçinin İranın
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi
tanınmasını dəstəkləyəcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri
Jan-Noel Barro Aİ xarici işlər nazirlərinin Brüsseldə keçirilən
görüşünə gələrkən bildirib.
“Bu gün biz (İranda) hökümət əleyhinə nümayişlərinin
yatırılmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı Avropa
sanksiyalarını razılaşdıracağıq”, – deyə o vurğulayıb.
Barro bildirib ki, söhbət 20-dən çox fiziki və hüquqi şəxsdən
gedir. Onlara qarşı Avropa İttifaqı ərazisinə giriş qadağası tətbiq
ediləcək, maliyyə aktivləri isə dondurulacaq.
Siyahıya SEPAH üzvləri ilə yanaşı, İran hökumətinin
nümayəndələri, prokurorlar və polis rəhbərləri də daxildir.
“Yəqin ki, biz daha da irəli getməliyik. Məhz buna görə Fransa
SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına salınmasını
dəstəkləyəcəyini bəyan edib”, – deyə nazir əlavə edib.


