
Bakı. Trend:
Qlobal tədarük zəncirlərinin yenidən formalaşdığı, ənənəvi
marşrutların geosiyasi və iqtisadi risklərlə üzləşdiyi bir dövrdə
Avrasiya məkanında alternativ, etibarlı və dayanıqlı logistika
qovşaqlarına ehtiyac sürətlə artır. Məhz bu kontekstdə Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı (Bakı Limanı) Azərbaycanla yanaşı,
Avropa–Asiya arasında yük axınlarını şaxələndirməyə çalışan onlarla
ölkənin strateji maraq nöqtəsinə çevrilir.
Son illərdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu – daha çox
Orta Dəhliz kimi tanınan xətt – qlobal ticarət gündəmində
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Çin, Mərkəzi Asiya, Xəzər
hövzəsi, Cənubi Qafqaz və Avropanı birləşdirən bu marşrut artıq bir
sıra yüklər üçün əsas tranzit xətti funksiyasını yerinə yetirməyə
başlayıb. Bu marşrutun mərkəzində isə Bakı Limanı dayanır desək
yanılmarıq. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində
yerləşən liman multimodal imkanları – dəmir yolu, avtomobil və
dəniz nəqliyyatının inteqrasiyası – sayəsində Avrasiyanın əsas
“keçid platforması” rolunu oynayır. Təsadüfi deyil ki, son beş ildə
limanda konteyner aşırmaları təxminən iki dəfə artıb, 2025-ci ildə
isə illik konteyner dövriyyəsi ilk dəfə 100 min TEU həddini keçib.
Belə ki, 2020-2025-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-nin
(ADY) Bakı Beynəlxalq Dəniz Limanında 365 min 860 TEU konteynerdən
çox yük aşırılıb. Məlumata əsasən, təkcə 2025-ci ildə isə Bakı
limanında 107 min 54 TEU konteyner yük aşırılıb ki, bu da 2024-cü
illə müqayisədə 40%-ə yaxın artım deməkdir.
2026-cı il üzrə isə Bakı Limanında 110 min TEU-dan çox yük
aşırılacağı planlaşdırılır. Ümumilikdə, Bakı Limanının illik
yükaşırma qabiliyyətinin 260 000 TEU-ya çatdırılacağı hədəflənir
ki, bu da əvvəlki göstəricidən kifayət qədər fərqlənir. Məlumat
üçün qeyd edək ki, hazırda Limanın illik yükaşırma qabiliyyəti 150
000 TEU-dur. Bu artımı yalnız rəqəmlərlə izah etmək doğru olmazdı.
Burada eyni zamanda söhbət marşrut təhlükəsizliyi, çatdırılma
vaxtının qısalması, risklərin azaldılması və xərclərin
optimallaşdırılması kimi faktorların birləşməsindən gedir. Dünya
Bankının Avrasiya nəqliyyat dəhlizlərinə dair son hesabatlarında da
vurğulanır ki, Orta Dəhliz üzrə daşımaların artımı təchizat
zəncirlərinin geosiyasi risklərə adaptasiyasının real
nümunəsidir.
2018-ci ildə limanın birinci inkişaf mərhələsinin tamamlanması
ilə Bakı Limanı illik 15 milyon ton yük və 100 min TEU konteyner
aşırma gücünə malik oldu. Lakin yüklərin faktiki artım dinamikası
bu həddin kifayət etmədiyini göstərdi. Məhz buna görə ikinci faza
üzrə planlaşdırılan genişlənmə – illik 25 milyon ton yük və 500 min
TEU konteyner – strateji zərurət kimi dəyərləndirilir.
Bakı Beynəlxalq Dəniz Limanının direktoru Eldar Salahov ötən ili
sonlarında liman ərazisinə təşkil edilən mediatur zamanı
jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakı Limanının ikinci
fazası üzrə layihələndirmə işlərinin nəticələri yaxın aylarda bəlli
olacaq. O xatırlatmışdı ki, Bakı Limanın birinci fazası üzrə işlər
artıq yekunlaşıb: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanın ikinci
fazası bizə minimum 25 milyon ton və yarım milyon TEU konteyner
ekvivalentindən artıq güc verəcək. Hazırda layihələndirmə işləri
davam edir. Yaxın aylarda ilkin nəticələr bəlli olacaq”.
Burada diqqətçəkən məqam ondan ibarətdir ki, Bakı Limanı
tutumunu artırmaqla yanaşı, eyni zamanda funksional baxımdan
dərinləşir. Gübrə terminalı, planlaşdırılan buğda terminalı, TIR
parkı və intermodal yük terminalı limanı klassik dəniz limanından
kompleks logistika habına çevirir. Xüsusilə Orta Asiya ölkələrinin
gübrə və aqrar məhsullarının Avropa bazarlarına çıxışı baxımından
Bakı Limanı kritik tranzit qapısına çevrilir.
2025-ci ilin fevralında Bakı Limanının “Azərbaycan Dəmir
Yolları” QSC-yə birləşdirilməsi vahid nəqliyyat idarəetmə modelinə
keçid kimi qiymətləndirilə bilər. Bu addım dəniz və dəmir yolu
əməliyyatları arasında koordinasiyanı gücləndirərək tranzit vaxtını
azaldır və logistika xərclərini aşağı salır. Beynəlxalq Valyuta
Fondunun (BVF) nəqliyyat və ticarət axınları üzrə
qiymətləndirmələrində də qeyd olunur ki, multimodal nəqliyyatda
vahid idarəetmə modelləri tranzit ölkələrin rəqabət üstünlüyünü
əhəmiyyətli dərəcədə artırır. Bakı Limanı nümunəsində bu, artıq
real nəticələrlə özünü göstərir: blok-qatarların sayı artır,
yüklərin gözləmə müddəti azalır, xidmət keyfiyyəti yüksəlir.
Bakı Limanının inkişaf strategiyasında son illərin ən prioritet
istiqamətlərindən biri rəqəmsallaşmadır. Limanın “Azərbaycan Dəmir
Yolları” QSC-yə inteqrasiyasından sonra bu proses daha sistemli və
mərhələli xarakter alıb. Rəqəmsal həllərin tətbiqi əməliyyat
şəffaflığını artırmaqla yanaşı, məlumat axınlarının vahid
platformada birləşdirilməsinə və müştəri yönümlü xidmət modelinin
formalaşmasına imkan yaradır.
Bu istiqamətdə əsas addımlardan biri Liman İdarəetmə Məlumat
Sistemi üzrə yeni nəsil həllin hazırlanmasıdır. 2020–2023-cü
illərdə mövcud sistemin istismarı zamanı üzə çıxan texniki
məhdudiyyətlər nəzərə alınaraq, 2025-ci ildən etibarən tamamilə
yeni konsepsiya üzərində işə başlanılıb və hazırda bu layihə aktiv
mərhələdədir. Yeni sistem limanın gəmi, yük, vaqon, avtomobil və
anbar əməliyyatlarını vahid əməliyyat platformasında birləşdirərək
yükaşırma planlaması, növbə idarəetməsi, körpü utilizasiyası və
resurs bölgüsünün real vaxt rejimində izlənməsinə imkan verəcək.
Digər informasiya sistemləri ilə inteqrasiya nəticəsində müştərilər
yüklərinin statusu, sənədlərin icra mərhələləri və əməliyyat
prosesləri barədə onlayn məlumat əldə edə biləcəklər ki, bu da
xidmət keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldəcək.
Rəqəmsallaşma strategiyasının ikinci əsas komponenti limanın daxili
biznes proseslərinin vahid platformada avtomatlaşdırılmasıdır.
Mərhələli şəkildə həyata keçirilən bu layihə çərçivəsində
satınalma, maliyyə, kommersiya, əməliyyat və nəzarət məntəqələri
üzrə gündəlik proseslərin rəqəmsal mühitdə icrası təmin olunur.
Modullar arasında qurulan inteqrasiya məlumatın təkrar daxil
edilməsini minimuma endirir, insan amilindən qaynaqlanan riskləri
azaldır və real vaxt rejimində daha dolğun hesabatlılıq imkanları
yaradır. Bu yanaşma idarəetmədə çevikliyi artırmaqla yanaşı,
qərarların daha operativ və əsaslandırılmış şəkildə qəbul
edilməsinə şərait yaradır.
Üçüncü mühüm istiqamət isə təhlükəsizlik və müşahidə
infrastrukturunun rəqəmsallaşdırılmasıdır. Layihənin ilkin
mərhələsində liman ərazisində müasir müşahidə və analitika
avadanlıqları quraşdırılıb və sistem istismara verilib. Hazırda
texniki xidmət mexanizmlərinin təkmilləşdirilməsi və mövcud
analitika sistemlərində aşkar edilmiş nasazlıqların aradan
qaldırılması üzrə işlər aparılır. Növbəti mərhələdə bütün müşahidə
və təhlükəsizlik sistemlərinin vahid mərkəzdən idarə olunmasını
təmin edən mərkəzləşdirilmiş idarəetmə zonasının yaradılması
nəzərdə tutulur. Bu, əməliyyat risklərinin daha erkən mərhələdə
aşkarlanmasına və liman ərazisində yük və nəqliyyat hərəkətinin
daha təhlükəsiz şəkildə təşkili üçün əlavə imkanlar yaradacaq.
Ümumilikdə, Bakı Limanında rəqəmsallaşma və vahid idarəetmə
platformalarına keçid əməliyyatların şəffaflığını və nəzarət
imkanlarını artırmaqla yanaşı, proseslərin sürətini əhəmiyyətli
dərəcədə yüksəldir. Real vaxtda məlumat mübadiləsi, sənədləşmənin
elektronlaşdırılması və idarəetmə funksiyalarının
mərkəzləşdirilməsi limanın əməliyyat yükünü azaldır, xidmət
keyfiyyətini yüksəldir və Bakı Limanını Orta Dəhliz üzrə daha
çevik, proqnozlaşdırılan və rəqabətqabiliyyətli logistika
platformasına çevirir.
Bakı Limanının regionda “EcoPorts” sertifikatı alan ilk liman
olması və 2035-ci ilə qədər xalis sıfır karbon emissiyası hədəfi
onun beynəlxalq mövqeyini daha da gücləndirir. Günəş panelləri və
Batareya Enerji Saxlama Sistemi (BESS) ilə bağlı layihə isə limanın
təkcə ekoloji deyil, enerji təhlükəsizliyi baxımından da
dayanıqlığını artırır. Məsələn, bu istiqamətdə atılan addımlardan
COP29 çərçivəsində Bakı Limanında günəş panellərinin quraşdırılması
ilə bağlı çərçivə sazişi imzalanmasını qeyd edə bilərik.
“Citaglobal” şirkətinin törəməsi olan “Tiza Green Energy” ilə 5,4
MVt gücündə günəş enerjisi ilə işləyən fotovoltaik (PV) qurğusunun
inşası üçün imzalanan bu sazişlə Azərbaycanın təmiz enerjiyə
keçidində liimanın rolunu bir daha ön plana çıxardı.
Qərb analitik mərkəzləri son hesabatlarında vurğulayır ki,
Avropa şirkətləri üçün logistika qovşaqlarının “yaşıl” statusu
artıq əlavə üstünlük deyil, əsas seçim meyarlarından biridir. Bu
baxımdan Bakı Limanı Avropa investorları üçün yalnız tranzit
nöqtəsi deyil, uzunmüddətli tərəfdaşlıq platforması kimi çıxış
edir.
Bakı Limanının rolu Azərbaycan sərhədlərini çoxdan aşıb.
Qazaxıstan, Özbəkistan, Türkmənistan, Çin, Türkiyə və Avropa
ölkələri üçün liman təchizat zəncirinin kritik halqası hesab edilə
bilər. Çin–Avropa yük axınlarında konteyner daşımalarının sürətlə
artması, Orta Dəhliz üzrə yeni blok-qatar marşrutlarının açılması
və beynəlxalq maliyyə institutlarının layihəyə marağı bunu açıq
şəkildə göstərir.
Dünya Bankının nümayəndələrinin Bakı Limanının
genişləndirilməsinin maliyyələşdirilməsində iştirak imkanlarını
müzakirə etməsi də limanın regional deyil, qlobal logistika
infrastrukturu kimi qəbul edildiyini təsdiqləyir.
Beləliklə, Bakı Limanı Avrasiyada dəyişən geosiyasi və iqtisadi
reallıqlar fonunda yeni ticarət arxitekturasının əsas sütunlarından
biri kimi formalaşır. İnfrastrukturun genişlənməsi, “yaşıl”
transformasiya və beynəlxalq tərəfdaşlıqlar limanı qlobal logistika
xəritəsində getdikcə daha görünən edir. Bu mənada Bakı Limanının
inkişafı Azərbaycanın tranzit ambisiyalar ilə yanaşı, Avropa və
Asiya arasında daha təhlükəsiz, dayanıqlı və proqnozlaşdırıla bilən
ticarət sisteminin formalaşmasını dəstəkləyən strateji proses kimi
qiymətləndirilə bilər.


