
Bakı. Trend:
Amerikanın çox istifadəli “New Shepard” gəmisi altı turistdən
ibarət kommersiya ekipajı ilə suborbital uçuş həyata keçirib.
Trend xəbər verir
ki, bu barədə istehsalçı şirkət “Blue Origin” məlumat yayıb.
Uçuş Texasın qərbində, Van-Horn şəhərinin yaxınlığında yerləşən
“Corn Ranch” start meydançasından Amerika vaxtı ilə saat 11:27-də
(Bakı vaxtı ilə 20:27-də) baş tutub və təxminən 10–11 dəqiqə davam
edib.
“NS-38” ekipajına sahibkar Tim Dreksler, mama-ginekoloq Linda
Edvards, beynəlxalq daşınmaz əmlak developeri və investoru Alen
Fernandes, sahibkar, texnoloq və səyahətçi Alberto Qutyerres, ABŞ
Hərbi Hava Qüvvələrinin istefada olan polkovniki və keçmiş “F-15”
qırıcı pilotu Cim Hendren, həmçinin “Blue Origin” şirkətinin “New
Shepard” kosmik gəmilərinin buraxılış direktoru Laura Staylz daxil
olub.
Komersiya turistik uçuşları üçün nəzərdə tutulmuş “New Shepard”
raketi 18 metrlik birpilləli daşıyıcıdan və altı nəfərlik eniş
kapsulundan ibarətdir. O, fövqəladə xilasetmə sistemi və
paraşütlərlə təchiz edilib. Kosmik turistlər üçün uçuşun qiyməti
500 min dollar təşkil edir.
Qeyd olunur ki, 2021-ci ildən bəri “New Shepard” proqramı
çərçivəsində 16 uğurlu suborbital missiya həyata keçirilib və Yer
atmosferi ilə kosmosun sərhədində 92 turist olub (onlardan 6 nəfər
iki dəfə uçuş edib).


