20 Yanvar faciəsi insanlığa qarşı törədilən bir cinayətdir – Deputat

Baş səhifə

Bakı. Trend:

Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan 20 Yanvar
faciəsi tariximizin ən ağrılı, eyni zamanda ən şərəfli
səhifələrindən biridir. Bu qanlı hadisə təkcə günahsız insanların
qətlə yetirilməsi ilə yadda qalmayıb, həm də xalqımızın azadlıq,
müstəqillik və milli ləyaqət uğrunda sarsılmaz iradəsini bütün
dünyaya nümayiş etdirib.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət
Həsənova deyib.

Deputat bildirib ki, 1980-ci illərin sonlarından başlayaraq
azərbaycanlılara qarşı həyata keçirilən məqsədyönlü siyasət –
tarixi torpaqlarımızdan kütləvi deportasiyalar, “Dağlıq Qarabağ”ın
Ermənistana birləşdirilməsi cəhdləri cəmiyyətdə ciddi narazılıq
yaratmışdı:

“Lakin yaranmış gərginliyi aradan qaldırmaq əvəzinə, o zamankı
sovet rəhbərliyi Azərbaycan xalqına qarşı misli görünməmiş
zorakılığa əl atdı. 1990-cı ilin yanvarında Bakıya və respublikanın
bir sıra bölgələrinə yeridilən çoxminli hərbi qüvvələr dinc əhaliyə
qarşı ağır texnika və silahlardan istifadə etməklə kütləvi qırğın
törətdilər.

Fövqəladə vəziyyətin elan olunması barədə əhali əvvəlcədən
məlumatlandırılmadan həyata keçirilən bu əməliyyat nəticəsində
qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla yüzlərlə insan
həyatını itirdi və yaralandı. Bu hadisələr sovet totalitar
sisteminin mahiyyətini bir daha ifşa etdi və imperiyanın
Azərbaycandakı siyasi dayaqlarını sarsıtdı. Xalqın mövcud rejimə
inamı tamamilə itdi, azadlıq ideyası isə dönməz xarakter aldı.

20 Yanvar faciəsinə ilk prinsipial siyasi və hüquqi qiymət
Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi. O, bütün
təzyiqlərə baxmayaraq, bu qanlı hadisəni insanlığa, demokratiyaya
və hüquqa zidd ağır cinayət kimi qiymətləndirdi, günahkarların
məsuliyyət daşımalı olduğunu açıq şəkildə bəyan etdi. Məhz Ulu
Öndərin qətiyyətli mövqeyi nəticəsində 20 Yanvar faciəsi sonradan
həm Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, həm də müstəqil
Azərbaycanın Milli Məclisi səviyyəsində dövlət tərəfindən
siyasi-hüquqi baxımdan rəsmən tanındı.

Bu gün şəhidlərimizin xatirəsi dövlət səviyyəsində böyük
ehtiramla yad edilir. Şəhidlər Xiyabanında ucaldılmış “Əbədi məşəl”
abidəsi, memorial komplekslər və qanunvericilikdə təsbit olunmuş
anım günü bu faciənin unudulmamasının, şəhidlərin ruhuna olan
sonsuz hörmətin bariz nümunəsidir. Eyni zamanda, “20 Yanvar şəhidi”
fəxri adının təsis edilməsi və şəhid ailələrinə göstərilən sosial
dəstək dövlətin bu məsələyə xüsusi həssaslıqla yanaşdığını
göstərir”.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən ardıcıl sosial islahatlar nəticəsində 20 Yanvar
şəhidlərinin ailələrinin və həmin hadisələr zamanı sağlamlığını
itirmiş şəxslərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə
gücləndirilib:

“Mənzil, avtomobil təminatı, aylıq təqaüdlər və reabilitasiya
xidmətləri dövlət qayğısının real təzahürləridir.

20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin
formalaşmasında mühüm rol oynayıb. Həmin gün xalqımız sübut etdi
ki, azadlıq və ləyaqət uğrunda hər cür qurban verməyə hazırdır. Bu
iradənin məntiqi nəticəsi olaraq, Azərbaycan Ordusu Müzəffər Ali
Baş Komandan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci
ildə torpaqlarımızı işğaldan azad etdi, 2023-cü ildə isə ölkəmizin
suverenliyi tam bərpa olundu.

Bu gün azad edilmiş ərazilərdə dalğalanan üçrəngli bayrağımız 20
Yanvar şəhidlərinin arzularının gerçəkləşdiyini nümayiş etdirir.
Əminik ki, müstəqil, güclü və qalib Azərbaycan həmin şəhidlərin
bizə əmanət etdiyi müqəddəs dəyərlər üzərində daha da inkişaf
edəcək”.