
Bakı. Trend:
Almaniyanın Ştutqart şəhərində növbəti Azərbaycan Evinin və evin
nəzdində həftəsonu Azərbaycan məktəbinin açılışı olub. Azərbaycan
Respublikasının Dövlət Himni səslənib, şəhidlərin əziz xatirəsi bir
dəqiqəlik sükutla yad olunub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən
məlumat verilib.
Açılışda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət
Komitəsinin sədri Fuad Muradov, Azərbaycan Respublikasının Almaniya
Federativ Respublikasındakı Səfirliyinin müşaviri Samir Rzayev,
Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar, Avropanın
müxtəlif ölkələrində, Almaniyanın ayrı-ayrı şəhərlərində yaşayan
soydaşlarımız, xaricdəki bir sıra Azərbaycan Evlərinin rəhbərləri
və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Azərbaycan-Alman Mədəniyyət Mərkəzinin sədri Günay Mirzəyeva
Almaniyada yaşayan soydaşlarımızı bir araya gətirən mərkəzin və
Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin fəaliyyəti ilə
bağlı hesabat xarakterli çıxış edib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir
diaspor siyasətindən və diasporla ortaq fəaliyyətin
şaxələndirilməsindən danışıb, dünyanın müxtəlif ölkələrində
Azərbaycan Evlərinin, həftəsonu məktəblərinin açıldığını qeyd edib.
Sədr, həmçinin Almaniyada daha bir Azərbaycan Evinin və evin
nəzdində həftəsonu məktəbinin açılması münasibətilə soydaşlarımızı
təbrik edib, bunu dövlətimizin xaricdə yaşayan azərbaycanlılara
göstərdiyi qayğının əyani sübutu kimi dəyərləndirib.
Bildirilib ki, Azərbaycan Evləri, həftəsonu məktəbləri, o
cümlədən ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın
təşəbbüsü ilə yaradılan “Qarabağ” onlayn məktəbləri üçüncü,
dördüncü nəsil diasporun ana dilini öyrənməsi baxımından
üstünlüklər və yeni imkanlar yaradan ən uğurlu modeldir. Bu modelin
azərbaycanlıların kompakt yaşadığı Ştutqart kimi vacib bölgədə
tətbiq olunması xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə dövlət başçısının çıxışlarının yer aldığı videoçarxlar
nümayiş olunub.
Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin sədri Altay
Rüstəmli, Alyansın İdarə Heyətinin üzvü Əmir Əli Sərdari İrəvani,
Türkiyənin Ştutqartdakı baş konsulu Makbulə Koçak Kaçar və bir sıra
nüfuzlu icma üzvləri çıxış edərək Azərbaycan Evinin açılışını
soydaşlarımızın birliyinin rəmzi adlandırıblar.
Mərasim iştirakçıları italyan mədəniyyət xadimi Françesko
Macconun əsərlərindən ibarət “Nar” adlı sərgiyə tamaşa ediblər.
Açılış mərasimi bədii hissə ilə davam edib.
Qeyd edək ki, Ştutqart şəhərində açılan Azərbaycan Evi də daxil
olmaqla, hazırda dünyanın 20 ölkəsində 32 Azərbaycan Evi fəaliyyət
göstərir. Eyni zamanda, 24 ölkədə 90-dan çox həftəsonu Azərbaycan
məktəbi mövcuddur. Bu məktəblərin Azərbaycan Evlərində, digərləri
isə diaspor təşkilatlarının və mədəniyyət mərkəzlərinin nəzdində və
ya müstəqil şəkildə fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət
Komitəsi xarici ölkələrdəki hər bir həftəsonu Azərbaycan məktəbini
dərs kitabları və tədris vəsaitləri ilə təmin edir. Soydaşlarımız,
eləcə də ölkəmizi sevən xaricilər Azərbaycan Evlərinin və həftəsonu
məktəblərinin xidmətlərindən təmənnasız istifadə edir. Əlavə edək
ki, dövlət başçısının tövsiyəsi əsasında xaricdəki həftəsonu
Azərbaycan məktəblərinin sayı artırılır və əhatə dairəsi
genişləndirilir.


