Azərbaycan və Pakistan parlamentlərinin onlayn görüşü keçirilib

Baş səhifə

Bakı. Trend:

Yanvarın 15-də Milli Məclisin Pakistanla parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Kəmaləddin Qafarov və Pakistan
Milli Assambleyasının Azərbaycanla dostluq qrupunun rəhbəri Syed
Raza Əli Gillani arasında videokonfrans formatında görüş
keçirilib.

Bu barədə Trend
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat
verilib.

Kəmaləddin Qafarov dövlətlərimiz arasındakı qarşılıqlı əlaqələrin
yüksələn xətt üzrə inkişaf etdiyini, Prezident İlham Əliyevin
ölkələrimiz arasında strateji əlaqələrin genişləndirilməsinə xüsusi
əhəmiyyət verdiyini vurğulayıb. Qeyd olunub ki, 2025-ci il noyabrın
8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş
Hərbi paradda Pakistanın Baş nazirinin iştirakı ölkələrimiz
arasında mövcud olan qardaşlıq münasibətlərinin bariz nümunəsi
olub. Bildirilib ki, Azərbaycan və Pakistan arasında
parlamentlərarası, siyasi və iqtisadi sahələrlə yanaşı, dövlət
xidmətləri istiqamətində də səmərəli əməkdaşlıq mövcuddur.
Pakistanda “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlaması bu sahədə
uğurlu tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.

Pakistanlı parlamentari Syed Raza Əli Gillani Azərbaycan
Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr
olunmuş beynəlxalq konfransda iştirakını məmnuniyyətlə xatırladıb.
Bildirilib ki, dövlətlərimiz arasında münasibətlərin inkişafında
parlamentlərarası əlaqələr mühüm rol oynayır və bu istiqamətdə
əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar
mövcuddur.




Onlayn görüşdə iştirak edən Pakistanla parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvləri Elşən Musayev, Ceyhun Məmmədov,
Azərbaycanla dostluq qrupunun üzvləri Sehar Kamran, Syeda Amnah
Batool, Muhammad Moin Aamer Pirzada , eləcə də hər iki ölkənin
səfirləri Qasım Mohiuddin və Xəzər Fərhadov ikitərəfli əməkdaşlığın
mövcud vəziyyəti və perspektivləri barədə fikirlərini
bölüşüblər.