Azər Türk Bank ötən ili uğurla başa vurub

Baş səhifə

Bakı. Trend:

Azər Türk Bankın 01 yanvar 2026-ci il tarixinə aktivləri 2,2
milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi isə
787,3 milyon manat təşkil etmişdir. Qeyd edək ki, kiçik və orta
biznes (KOB) subyektlərinə verilən kreditlərin həcmi ötən dövrlə
müqayisədə 32,5%, istehlak kreditləri 11% artmışdır.

2025-ci ildə Bankın gəlirləri 13% artaraq, 165 milyon manat,
xərcləri 155 milyon manat, əməliyyat mənfəəti 22 milyon manat
səviyyəsində olmuşdur. İl ərzində Azər Türk Bank 10 milyon manat
həcmində xalis mənfəət əldə etmişdir.

Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötən
ilin eyni dövrü ilə müqayisədə 12% artımla 110,8 milyon manat
olmuşdur. Azər Türk Bankın nizamnamə kapitalının həcmi 100,5 milyon
manatdır

Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,6
milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 7%
çoxdur. 2025-ci ildə əhali tərəfindən banka 232 milyon manat əmanət
qoyulub.

Bank tərəfindən il ərzində 2820 POS-terminal və təmassız
əməliyyatları dəstəkləyən yeni nəsil 18 ATM müştərilərin ixtiyarına
verilməklə, bu xidmət avadanlıqlarının sayı müvafiq olaraq, 7713 və
83 ədəd olmuşdur Bankomatlarda bütün növ kartlar üçün təmassız
funksiya aktivləşdirilib. Ən başlıcası, bu unikal cihazlarda
smartfon vasitəsilə də əməliyyatlar aparmaq mümkündür.

Ötən il Bank və “Visa” Beynəlxalq Ödəniş Sistemi arasında
rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi
sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin
müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.




Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın
inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün
ilkin olaraq Azər Türk Banka təqdim edilir.

Həmçinin, keçən ildən etibarən Bank dünyanın aparıcı ödəniş
şəbəkələrindən biri olan UnionPay International beynəlxalq ödəniş
sisteminə aid kartlar üzrə xidmətə başlamışdır. UnionPay brendi ilə
tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət
obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edir.

Qeyd edək ki, 2025-ci ildə Azər Türk Bankın nümayəndələri
Frankfurt şəhərində keçirilən Sibos forumunda iştirak etmişlər.
Bankın bu nüfuzlu forumda iştirakı qlobal maliyyə icması ilə açıq
dialoqa və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini
göstərir. Bununla yeni əməkdaşlıq imkanları açılır və strateji
kursun əsas istiqamətlərindən biri olan Bankın beynəlxalq arenadakı
mövqeləri möhkəmləndirilir.

Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) “Azər-Türk Bank”
ASC-nin səhmlərinin 51 % hissəsini əldə edərək bankın yeni səhmdarı
olub. Bununla da Bank öz inkişafının yeni fazasına daxil
olmuşdur.

Görülən işlərin nəticəsi olaraq, beynəlxalq reytinq agentliyi “S&P Global Ratings” “Bankın uzunmüddətli və qısamüddətli
emitent kredit reytinqlərini “B+/B” səviyyəsində, sabit proqnozla
təsdiqləyib.