Günəşdə ardıcıl 2 güclü partlayış baş verib

Baş səhifə

Bakı. Trend:

Yanvarın 12-nə keçən gecə Günəşdə M sinfə aid olan iki güclü
partlayış qeydə alınıb.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının
Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“12 yanvar tarixində Moskva vaxtı ilə saat 01:28-də (Bakı vaxtı
ilə 02:28) rentgen diapazonunda 7 dəqiqə davam edən M1.3 (S07E89)
alışması qeydə alınıb. Saat 02:14-də isə rentgen diapazonunda 99
dəqiqə davam edən M3.4 (S13E89) alışması müşahidə edilib”, –
məlumatda bildirilir.




Sonuncu alışma 2026-cı ildə indiyədək qeydə alınmış ən güclü
hadisə hesab olunur. Rusiya Elmlər Akademiyasının Kosmik
Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının və
Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun mütəxəssisləri
qeyd edirlər ki, alışma Günəşin arxa tərəfində baş verib.

“Bu halda hadisənin qeydə alınması ona görə mümkün olub ki,
alışmanın mənbəyi üfüqün dərhal arxasında yerləşib və Günəş
atmosferinin yuxarı qatlarından gələn şüalanmanın bir hissəsi
planetə çata bilib. Enerjinin əsas hissəsi bloklandığından
hadisənin real gücü xeyli yüksək olmalıdır, lakin ölçülməsi mümkün
deyil və heç vaxt mümkün olmayacaq – hazırda Günəşin həmin
tərəfində lazımi avadanlıqla təchiz edilmiş peyklər yoxdur”, –
açıqlamada vurğulanır.