Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti yuxu rejiminin immun sisteminə təsirlərindən danışıb

Baş səhifə

Bakı. Trend:

Yuxu rejimi immun sisteminə və vitamin-mineral balansına çox
ciddi təsir göstərir, bu təsir həm birbaşa, həm də dolayı
mexanizmlərlə baş verir. Keyfiyyətli və kifayət qədər yuxu zamanı
orqanizm infeksiyalara qarşı qoruyucu sitokinlər istehsal edir,
T-hüceyrələrin və NK hüceyrələrinin fəaliyyəti artır, immun yaddaş
daha sağlam işləyir.

Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram”
hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin
mütəxəssis eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, bu isə virus və bakteriyalara qarşı
müqavimətin yüksəlməsinə səbəb olur:




“Yuxu azaldıqda və ya qeyri-müntəzəm olduqda immun sistem
zəifləyir, insan daha tez-tez xəstələnir, xəstəliklər daha uzun
çəkir və xroniki iltihab riski artır. Bu zaman stress hormonu olan
kortizol yüksəlir və immun cavabı basqılayır. Davamlı olaraq gecə 6
saatdan az yatmaq immun müdafiəni nəzərəçarpacaq dərəcədə
zəiflədir. Yuxu pozuntusu vitamin çatışmazlığını birbaşa yaratmasa
da, onun əmələ gəlməsinə güclü zəmin yaradır. Yuxusuzluq həzm və
sorulma proseslərini zəiflədir, bəzi vitamin və mineralların
orqanizm tərəfindən istifadəsi azalır, hormonal balans pozulur. Gec
yatıb gec duran insanlarda gün işığı ilə təmas azaldığı üçün
xüsusilə D vitamini çatışmazlığı daha tez-tez müşahidə olunur”.

Mütəxəssis-ekspert bildirib ki, stress və yuxusuzluq iştahanı
dəyişdirir, qeyri-sağlam qidalara meyl artır və bu da B qrupu
vitaminləri, maqnezium, dəmir balansının pozulmasına səbəb ola
bilir:

“Maqnezium bu prosesdə həm səbəb, həm də nəticə rolunu oynaya
bilər, çünki onun çatışmazlığı yuxu keyfiyyətini daha da
pisləşdirir. Uzunmüddətli gecə növbələri, xroniki yuxusuzluq,
davamlı psixoloji stress, yeniyetməlik, hamiləlik və yaşlılıq
dövrlərində bu təsirlər daha güclü hiss olunur. Sağlam immun
sistemi və düzgün vitamin balansı üçün yuxunun müddəti və rejimi
çox önəmlidir. Müntəzəm olaraq 7–9 saat yatmaq, axşam saatlarında
ekran istifadəsini azaltmaq, gecə kofeinli içkilərdən uzaq durmaq
immun və ümumi sağlamlıq baxımından mühüm rol oynayır”.