
Bakı. Trend:
Cənubi Koreya alimləri 6 milyondan çox insanın məlumatlarını
təhlil edərək artıq çəkili gənclərin miqrenlə daha tez-tez
üzləşdiyi qənaətinə gəliblər.
Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, burada həlledici amilin ümumi bədən kütlə indeksi
(BKİ) deyil, bel çevrəsinin ölçüsü olduğu məlum olub. Yəni,
piylənmədən əziyyət çəkən, qarın nahiyyəsində artıq piy qatı olan
şəxslər daha çox miqrenə tutulur.
Araşdırmada 20–39 yaş arası, başlanğıcda miqren diaqnozu olmayan
6,1 milyon nəfər orta hesabla 7 il izlənilib. Nəticələr göstərib
ki, çəki artdıqca miqren riski yüksəlsə də, bu əlaqə bel çevrəsi
nəzərə alındıqda zəifləyir. Əksinə, geniş bel çevrəsi BKİ, həyat
tərzi və metabolik göstəricilərdən asılı olmayaraq miqrenin güclü
proqnozlaşdırıcısı olaraq qalır.
Alimlər bildirir ki, qarın nahiyəsində toplanan visseral yağ
iltihabyaradıcı maddələr ifraz edir və bu, miqren tutmalarının
yaranma həddini aşağı sala bilər. Əlaqə xüsusilə 30 yaşdan aşağı
şəxslərdə, siqaret çəkməyənlərdə və alkoqoldan sui-istifadə
edənlərdə daha qabarıq olub. Tədqiqatçılar alkoqolun damarları
genişləndirən təsirinin bu riski artıra biləcəyini qeyd
edirlər.


