Bakı. Trend:
Beynəlxalq aləmdə baş verən son hadisələr KXDR-dən nüvə
silahlarından çəkindirmə qüvvələrini gücləndirməyi tələb edir.
Trend-in
məlumatına görə, bu barədə Şimali Koreya lideri Kim Çen In yanvarın
4-də Koreya Xalq Ordusunun atəş zərbə qrupunun hipersəs raketlərin
buraxılışı üzrə təlimini müşahidə edərkən bildirib.
“Son geosiyasi böhran və mürəkkəb beynəlxalq hadisələr nüvə
silahlarından çəkindirmə qüvvələrinin gücləndirilməsini tələb
edir”, – deyə o qeyd edib.
Kim Çen In nüvə silahlarından çəkindirmə qüvvələrinin əsas
tərkib hissələrinin yoxlanılması və xüsusiyyətlərinin
artırılmasını, eləcə də bu qüvvələrin tətbiqinin sınaqdan
keçirilməsini “vacib strateji vəzifə” adlandırıb.
Təlimlərin məqsədi hipersəs silah sisteminin döyüş hazırlığını
və Şimali Koreyanın çəkindirmə qüvvələrinin effektivliyini və
mobilliyini qiymətləndirməkdən ibarət olub.

