Bu gün Milli Qəhrəman Natiq Qasımovun doğum günüdür

Baş səhifə

Bakı. Trend:

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun doğum
günüdür.

Trend xəbər
verir ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş Natiq Qasımov
beş gün ac-susuz qalsa da, bayrağımızı əlindən düşürməyib.

N.Qasımov 1971-ci ildə Azərbaycan Respublikası, Gədəbəy rayonu,
Kiçik Qaramurad kəndində anadan olub. Ermənistan silahlı
birləşmələrinin Azərbaycan Respublikasının suveren ərazilərinə
hücumu ilə bağlı 1991-ci ildə könüllü olaraq Ağdam rayonunda təşkil
edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində
iştirak edib.

12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi
istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir
götürüb.




Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında
yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş
yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq
təkbaşına döyüşüb.

Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə
rusiyalı və italiyalı jurnalistlər – Konstantin Smirnov və Enriko
Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir
götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən
“Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax”
adlı məqalədə təsvir edilib.

Qeyd edək ki, 25 iyun 2024-cü il tarixində Azərbaycan
Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Natiq
Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.