Avtomobillə səyahətlərin təşkili ciddi məsuliyyət tələb edir – DYP

Baş səhifə

Bakı. Trend:

Bayram günləri ilə əlaqədar ölkə ərazisində avtomobillə
səyahətlərin təşkili əhəmiyyətli dərəcədə artıb.

Bu barədə Trend-ə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat
verilib.

Bildirilib ki, belə səfərlər zamanı adətən qeyri-müntəzəm
sərnişin daşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki
şəxslərə məxsus avtobus və mikroavtobuslardan istifadə olunur:




“Lakin, təəssüf ki, bu qəbildən olan daşımalar zamanı
avtomobilin texniki vəziyyəti, sürücülərin reysqabağı tibbi
müayinəsi, onların iş və istirahət rejiminə riayət etməsi kimi
məsələlərə ciddi yanaşılmır. Eyni zamanda, nəqliyyat vasitəsinin
texniki xarakteristikasının keçdiyi ərazinin relyefinə uyğun
olub-olmamasına, gedəcəyi ərazidəki meteoroloji şəraitə, sürücünün
idarəetmə təcrübəsinə diqqət yetirilmir ki, bu da yollarda,
xüsusilə də dağlıq ərazilərdə yol-nəqliyyat hadisələrinin baş vermə
ehtimalını dəfələrlə artırır.

Son illər səfərlərin təşkilində kirayə avtomobillərdən istifadə
halları da nəzərəçarpacaq dərəcədə artıb. Lakin nəzərə almalıyıq
ki, kirayə avtomobillərin texniki vəziyyəti, yaxud xidmətindən
istifadə etdiyimiz sürücünün peşəkarlıq səviyyəsi barədə əvvəlcədən
məlumatlı olmamaq potensial təhlükə deməkdir.

Doğma həmvətənlərimiz, ölkəmizin əziz qonaqları. Ümidvarıq ki,
bayram günlərində əhval-ruhiyyənizin xoş ovqata köklənməsi üçün
tövsiyələrimizi nəzərə alacaq, səyahətlərinizi bu sahədə
ixtisaslaşmış hüquqi və ya fiziki şəxslərə etibar edəcəksiniz”.