Bakı. Trend:
ABŞ tənzimləyiciləri bazarda lider mövqeyə malik olan və
piylənmənin ilk gündəlik oral müalicəsi sayılan “Wegovy” arıqlama
dərmanının tablet formasını təsdiqləyiblər.
Trend xəbər verir
ki, bu barədə “Euronews” məlumat yayıb.
FDA-nın qərarı “Novo Nordisk” şirkətinə piylənməyə qarşı
həblərin bazara çıxarılması yarışında əsas rəqibi “Eli Lilly”
üzərində üstünlük qazandırıb. “Eli Lilly”nin oral dərmanı olan
orforglyprone isə hələ də nəzərdən keçirilir.
Hər iki preparat “GLP-1” qrupuna aid olub, geniş istifadə olunan
inyeksiya dərmanları kimi iştaha və toxluq hissini tənzimləyən
təbii hormonu təqlid edərək təsir göstərir.
Qeyd olunur ki, son illərdə “Novo Nordisk”in “Wegovy” və “Eli
Lilly”nin “Zepbound” inyeksiyaları dünyada, eləcə də ABŞ-də
piylənmənin müalicəsində mühüm dəyişikliklər yaradıb. Şirkət
nümayəndələrinin bildirdiyinə görə, “Wegovy” tablet forması yaxın
həftələrdə satışa çıxarılacaq.
Mütəxəssislər hesab edirlər ki, oral piylənmə dərmanlarının
istifadəyə verilməsi bu sahədə müalicələrin əlçatanlığını artıracaq
və xərclərin azalmasına töhfə verərək sürətlə böyüyən bazarın
genişlənməsinə səbəb ola bilər.

