
Bakı. Trend:
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası
Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokola
Əlavə Protokol ölkəmizdə peşə təhsili sahəsində son illər həyata
keçirilən islahatların məntiqi davamı və tərkib hissəsi hesab oluna
bilər.
Trend xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil
komitəsinin üzvü Elçin Mirzəbəyli parlamentin bugünkü plenar
iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə
Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa
dair 2021-ci il 19 fevral tarixli Protokola Əlavə Protokol”un
təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı
deyib.
Millət vəkili bildirib ki, bu yanaşma özünü Əmək Məcəlləsinə
edilən son əlavə və dəyişikliklərdə də büruzə verir:
“Gənclərin əmək bazarına daha erkən və təhlükəsiz çıxışı,
istehsalat təcrübəsinin hüquqi çərçivəyə salınması, şagird və
tələbələrin əməyinin qorunması, işəgötürən–təhsilalan
münasibətlərinin aydın və şəffaf tənzimlənməsi peşə təhsili
sahəsindəki islahatların qanunvericilik bazasının
təkmilləşdirilməsi ilə yanaşı, dövlətlərarası əməkdaşlıq
prioritetlərində də yer aldığını, sistemli, ardıcıl xarakter
daşıdığını təsdiqləyir”.
Deputat bildirib ki, sənəd peşə təhsili sahəsində çoxillik və
nəticəyönlü təcrübəyə malik olan Türkiyə Respublikası ilə birlikdə,
ölkəmizdə həyata keçirilən islahatların növbəti mərhələsi üçün
institusional və praktik mexanizm yaradır:
“Peşə təhsili əmək bazarının formalaşmasının zəruri
elementlərindən biri olmaqla yanaşı, həm də sosial xarakter daşıyır
və iqtisadi inkişafın zəruri mexanizmlərindən biri kimi çıxış
edir.
Peşə təhsili sisteminin potensialının gücləndirilməsi ilə bağlı
əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 5
dekabr 2025-ci il tarixli Sərəncamı dövlətimizin bu sahəyə strateji
baxış bucağını açıq şəkildə nümayiş etdirir.
Prezident İlham Əliyevin Sərəncamından irəli gələn vəzifələrin
həyata keçirilməsi, inşa edilməsi nəzərdə tutulan yeni peşə təhsili
müəssisələrinin necə idarə olunacağı, hansı model əsasında
fəaliyyət göstərəcəyi, əmək bazarı ilə necə əlaqələndiriləcəyi
olduqca mühüm əhəmiyyət kəsb edən və peşə təhsili sahəsində həyata
keçirilən islahatların davamlı nəticələrə yol açması baxımından
mühüm əhəmiyyətə malikdir.
Məhz bu baxımdan, hazırda müzakirə etdiyimiz əlavə protokolda
yer alan əməkdaşlıq istiqamətlərinin nə qədər önəmli olduğunu
vurğulaya bilərik”.
E.Mirzəbəylinin sözlərinə görə, sənəddə nəzərdə tutulan
mexanizmlər peşə təhsilinin istehsalatla birbaşa inteqrasiyasını,
tələbələrin real müəssisələrdə təcrübə keçməsini, sığorta,
əməkhaqqı və təhlükəsizlik məsələlərinin milli əmək
qanunvericiliyinə uyğun tənzimlənməsini, diplom və sertifikatların
qarşılıqlı tanınmasını təmin edir.
“Bu yanaşma, faktiki olaraq peşə təhsilinin təcrid olunmuş
məhdud anlayış çərçivəsindən çıxarılaraq əmək bazarının ayrılmaz və
əhəmiyyətli bir hissəsinə çevrilməsinə imkan yaradır.
Əlavə Protokol çərçivəsində yaradılacaq peşə təhsili
müəssisələri publik hüquqi şəxs kimi fəaliyyət göstərəcək, şəffaf
maliyyə və audit mexanizmlərinə malik olacaq, sözügedən
müəssisələrin strateji inkişaf xətti isə Azərbaycan və Türkiyə
tərəfinin birgə İdarəetmə Şurası vasitəsilə müəyyən ediləcək.
Bu model Prezident İlham Əliyevin Peşə təhsili sisteminin
potensialının gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
Sərəncamından irəli gələn vəzifələrin icrasına, peşə təhsili, əmək
və məşğulluq sahəsində həyata keçirilən islahatların uğurla davam
etdirilməsinə xidmət edir”, – deyə o fikrini tamamlayıb.

