Universitetlərin özəl sektorla əməkdaşlığa ehtiyacı var – Nazir

Baş səhifə

Bakı.Trend:

Memarlıq və inşaat insanların həyatı ilə vəhdət təşkil edən
sahədir. Bu sahədə insan yetişdirən alimlərimizə təşəkkür
edirəm.

Trend xəbər
verir ki, bu fikirləri bu gün Azərbaycanın Elm və təhsil naziri
Emin Əmrullayev universitetin yaradılmasının 50 illik yubileyi
münasibətilə keçirilən təntənəli rəsmi tədbirdə çıxışı zamanı
deyib.

“İstəsəkdə istəməsək də gələcək kifayət qədər rəqabətli olacaq.
İstənilən təhsil müəssisəsi özünün istiqamətindəki rəqabətə hazır
olmalıdır. Dövr kifayət qədər sürətlidir. İnkişafın əsas təməli
ədalətli rəqabətdir”, – nazir əlavə edib.

O qeyd edib ki, rəqabət və əməkdaşlıq bir-birilə vəhdət təşkil
edir. İki alim rəqabət aparıb əməkdaşlıq etmirsə orada inkişaf
olmur:




“Heç bir ali təhsil müəssisəsi öz-özünə tək inkişaf edə bilməz.
Dövlət qurumlarının dəstəyi öz yerindədir. Özəl sektorla ali təhsil
müəssisələri arasında əməkdaşlığa universitetlərin ehtiyacı var.
Sənaye müəssisələrinin ali təhsil müəssisələrinin içinə doğru
irəliləməsi illər sonra daha yaxşı nəticələri paylaşmağımıza imkan
verəcək”.

Nazir vurğulayıb ki, əmək bazarında baş verən reallıqlara yaxın
olmadan kadr hazırlamaq mümkün deyil.

“Son 5 ildə əsaslı şəkildə AZMİU alimlərinin məqalələrinin sayı
artıb. Elmi tədqiqatların keyfiyyəti artarsa təhsilin də məzmunu
inkişaf edəcək. Kəlbəcər məktəbinin bütün tikintisinə nəzarət
AzMİU-nun 25 yaşlı məzunu tərəfindən aparılıb. O, gənc yaşına və
çətin şəraitə baxmayaraq ortaya gözəl iş çıxardı.

Ümumilikdə Qarabağın bərpasında AzMİU-nun yetişdirdiyi
məzunların böyük əməyi var”,- deyə o əlavə edib.