Ailə vəzifələri olan işçilərin işdən çıxarılması cinayət məsuliyyəti yaratmalıdır – Şöbə müdiri

Baş səhifə

Bakı. Trend:

Ailə vəzifələri olan işçilərlə bağlı anlayışın qanunvericiliyə
daxil edilməsi xüsusi diqqətəlayiqdir.

Trend xəbər
verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Milli
Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü
iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun
layihəsinin müzakirəsi zamanı deyib.




O bildirib ki, artıq işçilər təkcə cinsinə, ailə vəziyyətinə və
digər əlamətlərinə görə deyil, ailə vəzifələrinə görə də hər hansı
ayrı-seçkiliyə məruz qala bilməzlər:

“Hətta hesab edirəm ki, gələcək mərhələdə bu yanaşma Cinayət
Məcəlləsində də əksini tapa bilər. Məlumdur ki, Cinayət
Məcəlləsinin 164-cü maddəsində hamilə qadınlarla, himayəsində üç
yaşınadək uşağı olan şəxslərlə, eləcə də üç yaşınadək uşağı
təkbaşına böyüdən atalarla əmək müqaviləsinə xitam verilməsi
qadağan olunur və bu əmələ görə cinayət məsuliyyəti nəzərdə
tutulur. Təklif edərdik ki, növbəti mərhələdə bu kateqoriyalar
genişləndirilsin və ümumilikdə ailə vəzifələri olan işçilərlə əmək
müqaviləsinə xitam verilməsinə görə cinayət məsuliyyəti müəyyən
edilsin. Bu, Əmək Məcəlləsində nəzərdə tutulan normaları daha da
gücləndirərdi”.