
Bakı.Trend:
Ölkənin ərzaq təhlükəsizliyinin sistemli təmini mühüm strateji
əhəmiyyət daşıyır. Ərzaq məhsullarının istehsalı, emalı, daşınması
və topdan pərdakəndə satışı daxil olmaqla qida təhlükəsizliyi
zənciri boyu ciddi izlənilir.
Trend xəbər verir ki, bunu
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri
Qoşqar Təhməzli bu gün aqrar biznes festivallarına həsr olunan
yekun tədbirdə səsləndirib.
O bildirib ki, qqrar sahədə innovasiyaların təşviqi, fermer və
sahibkarların bilik və imkanlarının genişləndirilməsi, habelə
dövlət–özəl sektor əməkdaşlığının gücləndirilməsi baxımından bu cür
festivalların əhəmiyyəti danılmazdır:
“Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin
təşəbbüsü ilə ölkənin müxtəlif regionlarında təşkil olunan Aqrar
Biznes festivalları artıq aqrar sektor üçün mühüm dialoq, bilik və
təcrübə mübadiləsi platformasına çevrilib.
Qeyd etmək istərdim ki, bu festivallarda fəal iştirak etməklə
əsas məqsədimiz aqrar istehsalda təhlükəsizliyin, keyfiyyətin və
dayanıqlılığın təmin edilməsini fermer və sahibkarlara birbaşa,
aydın və praktik mexanizmlər vasitəsilə çatdırmaqdır. Bu xüsusda
vurğulamaq lazımdır ki, hər il Kənd Təsərrüfatı Nazirliyi
tərəfindən təşkil olunan arıçılıq məhsullarının ənənəvi respublika
sərgi-satış yarmarkaları çərçivəsində satışa çıxarılan bütün
məhsullar risk əsaslı yoxlamalara cəlb olunur”.
AQTA sədri vurğulayıb ki, qida təhlükəsizliyi mütəxəssisləri
tərəfindən bal və digər arıçılıq məhsulları laborator müayinələrdən
keçirilir və qida təhlükəsizliyi ilə keyfiyyət standartlarına cavab
verməyən məhsulların satışına yol verilmir:
“Eyni zamanda Bakı şəhərində keçirilən mövsümi yarmarkalarda da
məhsulların keyfiyyətinə operativ nəzarət təmin edilir.
Yarmarkalarda fəaliyyət göstərən səyyar qida laboratoriyaları
vasitəsilə vətəndaşların satışa çıxarılan məhsulların
təhlükəsizliyi və keyfiyyəti ilə bağlı müraciətləri yerində
araşdırılır. Zərurət yarandıqda isə məhsullardan nümunələr
götürülərək ekspertizaya cəlb olunur. Bu yanaşma istehlakçıların
etimadının artırılmasına və əhalinin təhlükəsiz, keyfiyyətli qida
məhsulları ilə təmin olunmasına xidmət edir”.
Q.Təhməzli əlavə edib ki, AQTA tərəfindən bitki sağlamlığının
qorunması, karantin tətbiq edilən zərərli orqanizmlərin
yayılmasının qarşısının alınması, habelə təhlükəsiz toxum və ting
dövriyyəsinin təmin edilməsi istiqamətində sistemli və risk əsaslı
nəzarət tədbirləri həyata keçirilir:
“Fitosanitar nəzarətin gücləndirilməsi yalnız daxili bazarın
qorunmasına deyil, eyni zamanda ölkəmizin ixrac potensialının
artırılmasına və beynəlxalq bazarlarda etibarlı tərəfdaş kimi
mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.
İxrac yönümlü fitosanitar tədbirlər agentliyin fəaliyyətində
mühüm yer tutur. Bitki mənşəli məhsulların ixracı zamanı idxalçı
ölkələrin fitosanitar tələblərinə uyğunluq təmin edilir,
fitosanitar sertifikatlar beynəlxalq standartlara uyğun şəkildə
verilir. Bu sahədə rəqəmsallaşmanın və şəffaflığın artırılması
məqsədilə Azərbaycan Respublikası Beynəlxalq Bitki Mühafizəsi
Konvensiyasının ePhyto sisteminə qoşulmuşdur. Sözügedən sistem
fitosanitar sertifikatların elektron formada tətbiqinə,
mübadiləsinə və qarşılıqlı tanınmasına imkan yaradır”.
O bildirib ki, bununla yanaşı, fitosanitar sahədə institusional
və normativ bazanın təkmilləşdirilməsi məqsədilə agentlik
tərəfindən “Bitki sağlamlığı haqqında” qanun layihəsi
hazırlanıb.
“Qanun layihəsinin qəbul edilməsi fitosanitar sahədə şəffaflığın
artırılmasına, dövlət–özəl sektor əməkdaşlığının
genişləndirilməsinə, fermer və sahibkarlar üçün aydın və
proqnozlaşdırıla bilən tənzimləmə mühitinin formalaşmasına şərait
yaradacaqdır. Bu sənəd ölkənin ixrac rəqabətqabiliyyətinin
gücləndirilməsi və Azərbaycanın beynəlxalq ticarətdə fitosanitar
baxımdan etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsi
baxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə o fikrini
tamamlayıb.


