
-
- Müəllif, Jeremy Bowen
- Vəzifə, BBC
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
Bir il əvvəl Prezident Bəşər Əsədin qazanmış kimi göründüyü müharibəni alt-üst edən hadisələr baş verdi.
Suriya-Türkiyə sərhədində yerləşən İdlib vilayətindən çıxan bir üsyançı qüvvə Şama doğru irəliləyirdi.
Üsyanı, Əbu Mühəmməd Colani adı ilə tanınan bir şəxs və onun silahlı qüvvəsi Heyət Tahrir əş-Şam (HTŞ) idarə edirdi.
“Colani” adı 1967-ci ildə işğal edildikdən sonra İsrail tərəfindən ilhaq olunan Suriyanın cənubundakı dağlıq bölgə – Qolan Təpələrindəki mənşəyini əks etdirən bir ləqəb idi.
Onun əsl adı Əhməd Şaraa idi.
Bir il keçib. İndi o müvəqqəti dövlət başçısıdır, Bəşər Əsəd isə Rusiyada cah-cəlallı sürgün həyatı yaşayır.
Suriya hələ də dağıntılar içindədir.
Son 10 gün ərzində ziyarət etdiyim hər şəhər və kənddə insanlar müharibə nəticəsində viranəyə dönmüş, sadəcə, dörd divardan ibarət binalarda yaşayırlar.
Lakin yeni Suriyanın bütün problemlərinə baxmayaraq, Əsədlərin ağır və amansız hökmranlığı olmadan özlərini daha rahat hiss edirlər.
Şəklin mənbəyi, Getty Images
Əhməd Şaraa üçün xaricdəki işlər ölkə daxilindəkindən daha asandır.
O, Suriya üçün sabit gələcəyin ən yaxşı ehtimalının məhz özü olduğuna Səudiyyə Ərəbistanını və Qərbi inandıra bilib.
Səudiyyə Ərəbistanının vəliəhdi may ayında Şara ilə ABŞ Prezidenti Donald Tramp arasında qısa bir görüş təşkil etdi.
Sonradan Tramp onu “gənc və cazibədar, sərt bir adam” kimi xarakterizə etdi.
Ölkəsinin öz vətəndaşları isə onun zəifliklərini və Suriyanın üzləşdiyi problemləri xaricilərlə müqayisədə daha yaxşı bilirlər.
Şaranın hakimiyyətinin nə şimal-şərqdə kürdlərin nəzarətində olan ərazilərdə, nə də başqa bir azlıq hesab edilən və müttəfiqləri İsrailin dəstəyi ilə cənubda ayrıca dövlət yaratmaq istəyən suriyalı druzların üzərində təsiri var.
Sahildə yaşayan ələvilər (Əsəd də ələvi idi) mart ayında başlarına gələn qətliamların təkrarlanmasından qorxurlar.
Şəklin mənbəyi, AFP / Getty Images
Bir il əvvəl Dəməşqin yeni rəhbərləri Suriyadakı silahlı üsyançıların çoxu kimi sünni islamçılar idi.
Onların lideri Əhməd Şara uzun müddət İraqda Əl-Qaidə üçün döyüşmüş, amerikalılar tərəfindən həbs edilmiş və daha sonra İŞİD-ə çevrilən qrupda yüksək rütbəli komandir kimi fəaliyyət göstərmişdi.
Daha sonra Suriyada güc toplamağa çalışarkən həm İŞİD-dən, həm də Əl-Qaidədən ayrılıb onlarla döyüşmüşdü.
Onu görmək üçün İdlibə gedənlər Şaranın daha praqmatik bir yanaşma inkişaf etdirdiyini və müxtəlif məzhəblərin mövcud olduğu Suriyanı idarə etməyə daha uyğun olduğunu söyləmişdilər.
Ölkədə sünnülər çoxluqdadır. Lakin kürdlər və druzlarla yanaşı, Şaranın cihadçı keçmişini unutmaqda çətinlik çəkən xristianlar da var.
əl-Şaara cihadçı kimliyindən xilas oldumu?
Ötən il dekabrın ilk həftəsində HTŞ-nin paytaxta bu qədər sürətlə irəliləməsi olduqca təəccüblü idi.
Onların Suriyanın şimalındakı güc mərkəzi Hələb-i ələ keçirmələri üç gün çəkdi.
Bunu 2012–2016-cı illərdə Əsəd ordusu ilə üsyançı milislərin şəhərin nəzarəti uğrunda apardıqları döyüşlərlə müqayisə edin:
Bu dövr Rusiyanın dövlət başçısı Vladimir Putinin hakimiyyətin amansız taktikasını dəstəkləmək üçün hava qüvvələrini və artilleriyasını yerləşdirməsindən sonra Əsədin qələbəsi ilə nəticələnmişdi.
Rejimin ələ keçirdiyi Hələbin şərqindəki keçmiş üsyançı məhəllələrini bir neçə həftə sonra ziyarət etdiyim zaman Rusiyanın bombardmanı böyük əraziləri viran qoymuşdu.
Bəzi küçələr birinci mərtəbənin eyvanlarına qədər çatan dağıntı yığınları ilə örtülmüşdü.
Lakin 2024-cü ilin sonuna gəldikdə ölkədə, demək olar ki, heç bir hökumət birliyi qalmamışdı.
Həm məcburi şəkildə orduya cəlb edilənlər, həm də Əsəd hakimiyyətinə sadiq olanlar, özlərinə yoxsulluq və təzyiqdən başqa heç nə verməyən korrupsiyalaşmış və zalım bir rejim üçün döyüşməyə və ölməyə artıq həvəsli deyildilər.
Şəklin mənbəyi, AFP / Getty Images
Bəşər Əsəd ailəsini də götürüb Rusiyaya qaçdıqdan bir neçə gün sonra Suriyanın qalib yeni liderindən Prezident sarayında müsahibə götürdüm.
Prezident sarayı Dəməşqə yuxarıdan baxan bir qayalıq üzərində inşa edilib və şəhərdə yaşayanlara Əsəd ailəsinin hər şeyi görə biləcəyi hissini daim xatırlatmaq üçün dizayn olunmuşdu.
Qələbədən sonra Colani həm döyüş geyimlərini, həm də ləqəbini arxada qoymuşdu.
Əhməd Şaraa ütülü şalvar, dəbli pencək və parıldayan qara ayaqqabılar geyinərək istiliyi olmayan sarayın soyuq dəhlizində oturmuşdu.
O mənə dedi ki, ölkə müharibədən yorulub və artıq qonşuları və ya Qərb üçün təhlükə deyil və bütün suriyalıları əhatə edəcək şəkildə ölkəni idarə edəcəklər.
Bu, həm bir çox suriyalının, həm də xarici dövlətlərin eşitmək istədiyi bir mesaj idi.
Lakin İsrail bunu rədd etdi.
Cihadçı sərtlik tərəfdarları isə Şaraanı dinini və öz tarixini satan bir xəyanətkar adlandırdı.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün “qəbul edin və davam edin”.
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.
Paylaşımın sonu YouTube
Suriyaya gedərkən çantamı bir müharibəni izləyəcəyimi düşünərək hazırlamışdım və rejimin bu qədər sürətlə çökməsini heç gözləmirdim.
Kostyumum Londondakı evimdə qalmışdı.
Müsahibədən sonra köməkçilərindən biri milli liderlə müsahibə aparan jurnalistin kostyum geyinməli olduğunu deyərək məni tənqid etdi.
Onun şikayətinin arxasında mənim geyim seçimimdən daha artıq şey dayanırdı.
Bu, illər əvvəl Şaraanın İdlibdə gücünü artırdığı vaxtdan başlayan uzun bir kampaniyanın davamı idi.
Bu kampaniya onu cihadçı köklərini arxada qoyaraq bütün Suriyanın liderinə çevrilmiş, dünyanın ciddiyə almalı və hörmətlə yanaşmalı olduğu bir fiqur kimi göstərməyi hədəfləyirdi.
İŞİD-in zəifləməsi
Əhməd Şaraa hakimiyyətə gəldiyi zaman onun nə edə biləcəyi məlum deyildi. Düşmənlərinin ona nə edə biləcəyi də bir o qədər qeyri-müəyyən idi.
Onların arasında İŞİD-in gizli hüceyrələrindəki cihadçı radikalların onu öldürməyə çalışacağı və ya Şamda böyük itkilərə səbəb olacaq hücumlarla xaos yaradacağı barədə qorxular vardı.
Cihadçılar sosial mediada Şaranın Qərbdə qəbul edilməsinə qəzəb göstərirdi.
İŞİD-ə qarşı ABŞ liderliyindəki koalisiyaya qoşulmağa razı olduqdan sonra cihadçılar sosial mediada onu öz dininə arxa çevirməkdə günahlandırdılar.
Radikallar bunu onun öldürülməsi üçün bir “icazə” kimi qavraya bilərlər.
Həqiqət budur ki, İŞİD Suriyada zəif vəziyyətdədir. Bu ilki hücumları, əsasən, şimal-şərqdə kürdlərin rəhbərlik etdiyi qüvvələrə qarşı yönəlib.
Lakin Əsəd rejiminin çökməsinin ildönümünə gedən son həftələrdə bu vəziyyət dəyişib.
Şəklin mənbəyi, Getty Images
Suriya üzrə aparıcı analitiklərdən olan Charles Lister tərəfindən toplanan və Syria Weekly bülletenində dərc edilən məlumatlara əsasən, təhlükəsizlik qüvvələri İŞİD özəklərinə basqınlar təşkil edərkən, cihadçılar hökumətin nəzarətində olan şəhərlərdə üç əsgəri və Əsədlə əməkdaşlıq etmiş iki şəxsi öldürüb.
BBC-nin izlədiyi İŞİD-ə aid sosial media kanallarında suriyalı sünnilərə xitabən Şaraanın onlara xəyanət etdiyi barədə təbliğat davam etdirilir.
Onlar Şaraanın ABŞ və Böyük Britaniyanın agenti olduğunu iddia edir, lakin buna dair heç bir sübut təqdim etmirlər.
Trampı və Qərbi qazanmaq
Şaraanın Qərbə yönəlik səyləri çox uğurlu olub.
O, Suriyada hakimiyyəti ələ keçirdikdən sonrakı iki həftə ərzində yüksək səviyyəli amerikalı diplomatların daxil olduğu bir heyəti qəbul etdi.
Amerikalılar dərhal ABŞ-ın onun tutulmasına görə qoyduğu 10 milyon dollarlıq mükafatı geri götürdülər.
Həmin vaxtdan bəri Əsədin Suriyasına tətbiq olunan sanksiyalar ardıcıl olaraq azaldılıb.
“Sezar Qanunu” kimi tanınan sərt iqtisadi sanksiyalar dayandırılıb və yeni ildə ABŞ Konqresi tərəfindən tamamilə ləğv oluna bilər.
Noyabr ayında Şaraanın Ağ Evə səfər edən ilk Suriya dövlət başçısı olması mühüm dönüş nöqtəsi oldu.
Şəklin mənbəyi, AP
O, Oval ofisdə Tramp tərəfindən rahat şəkildə qarşılandı.
Tramp Şaraaya öz adını daşıyan ətirdən vurduqdan sonra, həyat yoldaşına aparması üçün də bir ətir hədiyyə etdi və zarafatla neçə arvadının olduğunu soruşdu.
Tramp ətir buludunun içində göz vurarkən, Şaraa “Bir” deyə cavab verdi.
Səudiyyə Ərəbistanı və Qərb hökumətləri kameralar qarşısında nümayiş etdirilən görüntülərin arxasında, Şaraanı Yaxın Şərqin mərkəzində yerləşən ölkəni sabitləşdirmək üçün ən yaxşı – və yeganə – seçim kimi görürlər.
Suriya yenidən vətəndaş müharibəsinə sürüklənərsə, bölgədə zorakılıqla müşayiət olunan qarışıqlığın azalması ehtimalı sıfıra enəcək.
Yüksək səviyyəli bir Qərb diplomatı mənə hazırkı vəziyyətin hələ də vətəndaş müharibəsi riski daşıdığını dedi.
Bunun səbəbi yarım əsrlik diktatorluğun və Əsədin repressiv idarəsinə qarşı başlayan, daha sonra isə get-gedə məzhəbçi mübarizəyə çevrilən 14 illik müharibənin izləridir.
Şəklin mənbəyi, AFP / Getty Images
Əhməd Şara sünni müsəlmandır. Bu, Suriyanın ən böyük dini qrupudur.
Onun hökuməti bütün ölkəyə nəzarət etmir.
Son bir ildə nə şimal-şərqdəki kürdləri, nə də cənubdakı dürziləri Dəməşqin hakimiyyətini qəbul etməyə razı sala bilib, nə də məcbur edə bilib.
Sahil bölgələrindəki ələvi icması gərgin və narahatdır.
Rejimin qurucusu Bəşərin atası Hafiz Əsəd hakimiyyətini əhalinin təxminən 10 faizini təşkil edən ələvi azlığın üzərində qurmuşdu.
Sadəcə ələvilərə məxsus ləhcəni eşitmək belə digər suriyəliləri narahat edirdi: xüsusilə bu ləhcə hərbi formada olan bir kişidən və ya daha betəri, dəri gödəkcəli bir kəşfiyyatçının dilindən gəlirdisə.
Məzhəbə söykənən qətllər davam etsə, Suriya özünü toparlaya bilməyəcək.
Növbəti 12 ay ərzində daha ciddi zorakılıqların baş verməsinin qarşısını almaq hökumətin qarşısındakı ən böyük çətinlikdir.
Ədalətin ləngiməsi
Əsədin devrilməsinin ildönümündən az əvvəl BMT İnsan Haqları ofisi (OHCHR) ədalətin yavaş irəliləməsindən ciddi narahatlığını bildirdi.
Rəsmi sözçü deyib: “Keçid hökuməti keçmişdəki pozuntularla üzləşmək üçün ümidverici addımlar atsa da, bunlar görülməli işlərin yalnız başlanğıcıdır”.
Bəzi suriyalılar də bəzən hökumət qüvvələri ilə birlikdə vəziyyətə müdaxilə ediblər.
BMT İnsan Haqları ofisi ötən il ərzində yüzlərlə insanın “təhlükəsizlik qüvvələri və onlara bağlı qruplar, keçmiş hökumətlə əlaqəli elementlər, yerli silahlı qruplar və kimliyi naməlum silahlı şəxslər tərəfindən” öldürüldüyünü açıqlayıb:
“Digər pozuntular və sui-istifadələr arasında seksual zorakılıq, özbaşına həbs, evlərin dağıdılması, məcburi köçürülmə və ifadə və dinc toplaşma azadlıqlarına tətbiq edilən məhdudiyyətlər yer alır”.
BMT İnsan Haqları Ofisi qeyd edib ki, ələvi, dürzi, xristian və bədəvi icmaları zorakılıqdan ən çox təsirlənən qruplardır və bu vəziyyət həm onlayn, həm də real mühitdə artan nifrət ritorikası ilə qidalanır.
Şəklin mənbəyi, Anadolu / Getty Images
2026-cı il üçün ən böyük risk, ötən ilin mart ayında Ələvi bölgələrində baş verən məzhəb zorakılıqlarının təkrarlanmasıdır.
Əsəd hakimiyyətinin süqutundan sonra yaranan təhlükəsizlik boşluğunda yeni hökumət Suriya sahillərində bir sıra həbslər apararaq öz nüfuzunu bərpa etməyə çalışdı.
BMT İnsan Haqları ofisi tərəfindən aparılan araşdırma göstərdi ki, “keçmiş hökumətyönlü döyüşçülər buna yüzlərlə müvəqqəti hökumət qüvvəsini əsir götürərək, öldürərək və yaralayaraq cavab veriblər”.
Dəməşq buna sərt şəkildə cavab verdi və ələvilərə qarşı sistematik şəkildə həyata keçirilən ölümcül hücumlara görə məsul olan silahlı qruplara nəzarəti itirdi.
BMT bu qətliamlarda çoxu mülki vətəndaş olmaqla təxminən 1.400 nəfərin öldürüldüyünü müəyyən edib.
Qurbanların böyük əksəriyyəti yetkin kişilər olsa da, onların arasında təxminən 100 qadın, uşaq, yaşlı və əlillər var idi.
Şaraa hökuməti BMT-nin araşdırma qrupu ilə əməkdaşlıq etdi.
Onun bəzi qüvvələri ələviləri xilas etməyi bacardı və qətliamların təşkilatçılarından bəzilərini məhkəməyə çıxardı.
Şəklin mənbəyi, Reuters
BMT-nin Suriya üzrə Araşdırma Komissiyası rəsmilərin hücum əmri verdiyinə dair heç bir dəlil tapmadığını bildirdi.
Lakin həmin dövrdə Dəməşq hökumətinin təhlükəsizlik qüvvələrinə qoşulduğu güman edilən silahlı sünni qruplara nəzarət edə bilməməsi ilə bağlı narahatlıqlar mövcud idi. Bu narahatlıq gələcək üçün də davam edir.
İyul ayında ölkənin cənubundakı Süveyda vilayətində dürzi və bədəvi icmaları arasında baş verən ciddi zorakılıq Şaraa hökumətini sarsıtdı.
Dürzi inancı təxminən min il əvvəl İslamdan yaranıb və Suriyanın əhalisinin təxminən 3 faizini təşkil edir. Bəzi müsəlmanlar dürziləri “kafir” adlandırır.
Hökumət qüvvələri nizam-intizamı bərpa etmək məqsədilə Süveydaya daxil olduqda dürzi milislərlə döyüşməli oldular.
Özü də sadiq bir dürzi icmasına sahib olan İsrail bu vəziyyətə müdaxilə etdi.
İsrailin hava zərbələrindən birində Dəməşqdəki Müdafiə Nazirliyi, demək olar ki, tamamilə dağıdıldı.
Şiddət spiralının daha da dərinləşməsinin qarşısını almaq üçün amerikalıların müdaxiləsi və tərəflər arasında atəşkəsin təmin edilməsi lazım gəldi.
On minlərlə insan evlərindən didərgin salındı və hələ də bu vəziyyətdədir.
Şəklin mənbəyi, Getty Images
İsrail məsələsi
Şaraa və müvəqqəti hökumətinin bu qədər ciddi başqa bir böhranı da dəf edəcək qədər güclü olub-olmadığı dəqiq deyil.
İsrail suriyalılar üçün təhlükəli qonşu olaraq qalır.
Əsədin devrilməsindən sonra israillilər, keçmiş rejimin hərbi imkanlarından qalanları da məhv etmək üçün bir sıra böyük hava hücumları başladılar.
İsrail qüvvələri işğal altındakı Colan Təpələrində irəliləyərək artıq nəzarətdə saxladıqları ərazilərə yenilərini əlavə etdilər.
İsrail Suriyadakı xaosdan istifadə edərək düşmən kimi gördüyü bir dövləti zəiflətməyə girişdi və məqsədlərinin silahların özlərinə yönəlməsinin qarşısını almaq olduğunu bildirdilər.
ABŞ-ın İsrail və Suriya arasında təhlükəsizlik razılaşmasına vasitəçilik etmək cəhdləri son iki ayda irəliləmir.
Suriya 1974-cü ildə ABŞ dövlət katibi olmuş Henri Kissincer tərəfindən müzakirə edilən razılaşmaya qayıtmaq istəyir.
Netanyahu İsrailin ələ keçirdiyi ərazilərdə qalmasını istəyir və Suriyanın Dəməşqin cənubundakı geniş bir bölgəni hərbi qüvvələrdən təmizləməsini tələb edir.
İsrail son bir ay ərzində Suriyaya qarşı quru əməliyyatlarını gücləndirdi.
Şiddət hadisələrini qeydə alan Syria Weekly bildirir ki, zorakılıq hadisəsi digər aylarla müqayisədə çox artıb.
Biz İsrail ordusu tərəfindən 28 noyabrda basqına məruz qalan sərhəd kəndi Beyt Cinə baş çəkdik.
İsrail ordusu hücum planlaşdıran sünni silahlıları həbs etdiklərini bildirdi.
Yerli sakinlər müqavimət göstərərək altı israillini yaraladılar, basqın edən qrup isə tələsik geri çəkilməyə məcbur oldu və daha sonra hava zərbəsi ilə məhv edilən bir hərbi maşını tərk etdi.
Dövlət mediası israillilərin yerli əhalidən azı 13 nəfəri öldürdüyünü və onlarla insanı yaraladığını xəbər verdi.
Bu, Suriya ilə İsrail arasında təhlükəsizlik razılaşması əldə etməyin nə qədər çətin olacağının göstəricisi idi.
Dəməşq hökuməti bunu müharibə cinayəti adlandırdı.
Qarşılıq vermək çağırışları güclənirdi.
Şəklin mənbəyi, Dia Images / Getty Images
Washington-da Trampın basqından narahat olduğu açıq görünürdü.
O, Truth Social platformasında Şaaranın Suriyanı sabitləşdirmək səylərindən “çox məmnun” olduğunu paylaşdı.
“İsrailin Suriya ilə güclü və real dialoq aparmasının və Suriyanın firavan bir dövlətə çevrilməsinə mane ola biləcək heç bir addım atılmamasının çox vacib olması” ilə bağlı xəbərdarlıq etdi.
Beyt Cində Halil Əbu Dahərlə xəstəxanadan qayıdarkən qarşılaşdım; qolundakı güllə yarasına görə keçirdiyi əməliyyatdan sonra qolu gipsdə idi.
O məni israillilərin kəndlilərlə qarşıdurmaya girdiyi yerə yaxın olan evinə dəvət etdi.
Halil mənə israillilərin səhər saat 03:30-da kəndə girdiklərini və o zaman ailəsi ilə birlikdə evdə olduqlarını dedi.
Onlar təhlükəsiz yer tapmağa çalışıblar.
“Uşaqlarımla birlikdə evdə idim. Bir otaqdan digərinə keçirdik. İki qızıma atəş açdılar. Biri yaralandı, digəri isə dərhal öldü. Onu qucağıma aldığımda əlimdən vuruldum,”- deyə danışır.
Həlak olan qız qarın nahiyəsindən vurulan 17 yaşlı Hiba Əbu Daher idi.
Halil xilas edilərək xəstəxanaya aparılmazdan əvvəl iki saat boyunca Hibanın cəsədi yanında gizləndiklərini dedi.
Ziyarət etdiyim zaman Halilin doqquz yaşlı qızı divanda bir örtüyün altında uzanmışdı və ombasından güllənin çıxarılması üçün keçirilən əməliyyatdan sonra sağalmasını gözləyirdi.

Qızların anası Ümmü Məhəmməd ailənin qadınları ilə birlikdə oturmuş, gələcək barədə narahatlıq keçirirdi.
“Məramımız sakitlikdir,” – deyə mənə bildirdi:
“Evlərimizdə yaşamaq istəyirik, klinika və tibb personalı istəyirik, çünki burada klinikamız yoxdur. Həkim də istəyirik, çünki Beyt Cində nə həkim var, nə də aptek. Təhlükəsizlik istəyirik”.
“Yatmağa gedirik və qorxu ilə oyanırıq”
Əsəd hakimiyyətinin sona çatmasından bir il sonra Suriyanın yeni rəhbərləri bəzi mühüm nailiyyətlər əldə etmiş kimi görünür.
Onlar hələ də hakimiyyətdədirlər: Dəməşqi ələ keçirdikləri zaman bunun təminatı yox idi.
Prezident Tramp Əhməd Şaraanın ən mühüm dəstəkçisinə çevrilib.
Sanksiyalar götürülür. İqtisadiyyat canlanma əlamətləri göstərir, neft və qaz obyektlərinin modernləşdirilməsi, həmçinin Dəməşq və Hələbdəki hava limanlarının özəlləşdirilməsi də daxil olmaqla kommersiya sazişləri imzalanır.
Lakin boru kəməri ilə bağlı razılaşmalar hələ ki, əksər suriyalıların həyatını dəyişməyib. Hökumətin yenidənqurma fondu yoxdur.
Yenidənqurma fərdlərin üzərinə düşür. Məzhəblər arasında gərginlik hələ də həll olunmayıb və yenidən alovlana bilər.
ABŞ vasitəçiliyi ilə İsraillə aparılan dialoq dayanıb.
Şəklin mənbəyi, NurPhoto / Getty Images
Benyamin Netanyahu Dəməşqin Suriyanın cənubundakı geniş bir bölgəni hərbiləşdirmədən azad etməsi barədə israr edir və ordunun geri çəkiləcəyinə dair heç bir işarə vermir.
Hər iki tələb Suriyanın suverenliyinin ciddi pozuntusu deməkdir.
Beyt Cin basqını Dəməşqin güzəştə getməsini daha da çətinləşdirir.
Dəməşqdə hökumət xarici işlər naziri Əsəd Şeybani və bir neçə etibarlı tərəfdaş tərəfindən dəstəklənən Şaraanın ətrafında cəmləşib.
Hesab verə bilən bir hökumət çərçivəsi yaratmaq üçün ciddi bir cəhd müşahidə olunmur.
Əsəd ailəsi olmadan Suriya daha yaxşı yerdir.
Lakin 17 yaşlı qızı İsrail basqınında öldürülən Beyt Cindəki Ümmü Məhəmməd çoxsaylı suriyalıların hisslərini belə ifadə edir:
“Gələcək çətindir; heç nəyimiz yoxdur – məktəblərimiz belə yoxdur.
“Uşaqlarımız burada cəhənnəmdə yaşayırlar.
Onlar üçün heç bir təhlükəsizlik yoxdur.
Biz necə yaşayacağıq?
Təhlükəsizlik istəyirik. Yatmağa gedirik və qorxu içində oyanırıq”.
İlk foto: AFP/Getty Images ve Anadolu Ajansı / Getty Images

