AYİB “Youth in Business” proqramı çərçivəsində Türk bankına kredit ayıracaq

Baş səhifə

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə “Youth in
Business” proqramı çərçivəsində 35 yaşadək şəxslər tərəfindən idarə
olunan və ya əsasən onlara məxsus mikro, kiçik və orta biznesin
sonradan kreditləşdirilməsi məqsədilə Türkiyənin “Şekerbank T.A.Ş.”
bankına 30 milyon avroyadək məbləğdə kredit ayıracaq.

Bu barədə Trend
AYİB-ə istinadən xəbər verir.




Məlumatda bildirilir ki, maliyyələşmə maliyyə vasitəçiləri üzrə
Çərçivə Proqramına uyğun olaraq yaradılmış qarışıq proqram
çərçivəsində həyata keçiriləcək və risklərin bölüşdürülməsi
mexanizmləri ilə müşayiət olunacaq. Bu mexanizmlərə Avropa
İttifaqının EFSD+ aləti vasitəsilə AYİB-in xeyrinə təqdim edilən
zəmanət hesabına ilk itkilərin örtülməsi, həmçinin Türkiyə Xəzinə
və Maliyyə Nazirliyinin dəstəyi ilə maliyyə tərəfdaşlarının xeyrinə
Türkiyə Kredit Zəmanət Fondu mexanizmləri daxildir.

Qeyd olunur ki, gənc sahibkarlar sahibkarlıq bacarıqlarının
inkişafına yönəlmiş təlim sessiyaları və seminarlar da daxil
olmaqla potensialın artırılması tədbirlərinə çıxış əldə
edəcəklər.