Azərbaycan boksçuları U-17 Avropa çempionatında dörd çəki üzrə finala yüksəliblər (FOTO)

Baş səhifə

Bakı. Trend:

Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında
keçirilən U-17 Avropa çempionatında yarımfinal mərhələsinin
döyüşləri baş tutub.

Trend xəbər verir
ki, bu mərhələdə mübarizə aparan Azərbaycan millisinin dörd
idmançısının hər biri finala vəsiqə qazanıb.

48 kq çəki dərəcəsində çıxış edən Gülər Hüseynova İngiltərə
təmsilçisi Serana Mali ilə qarşılaşıb. Boksçumuz gərgin keçən
görüşdə 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29) hesabı ilə qələbə
qazanaraq finala yüksəlib. Hüseynova həlledici döyüşdə Türkiyə
təmsilçisi Asmin Cabasla üz-üzə gələcək.

46 kq çəki dərəcəsində Qardaş Rəhimov Gürcüstan boksçusu Rati
Xarbedia ilə qarşılaşıb. Hər üç raundda üstün olan milli üzvümüz
5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesablı qələbə ilə finala
adlayıb. Rəhimov qızıl medal uğrunda Rumıniyadan olan Birham-Pasa
İuseimlə döyüşəcək.




60 kq çəki dərəcəsində mübarizə aparan Şahin Aslanov da
yarımfinal görüşünü qələbə ilə başa vurub. O, İrlandiya təmsilçisi
Ceyson Maheri 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə
məğlub edib və finalda İngiltərədən Frenki Smitlə qarşılaşacaq.

75 kq çəki dərəcəsində Şükar Əliyev yarımfinala çıxmadan finala
vəsiqə qazanıb. Macarıstanlı Aleks Domjanın döyüşə gəlməməsi
səbəbindən Azərbaycan boksçusu qalib elan olunub. Əliyev finalda
İngiltərə təmsilçisi Maykl Mauqanla üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın həlledici döyüşləri dekabrın 17-də
keçiriləcək.