
Bakı. Trend:
Dekabrın 15-də Maliyyə Nazirliyində suveren yaşıl istiqrazların
emissiyası üzrə çərçivənin hazırlanmasını təmin etmək məqsədilə
yaradılmış İşçi Qrupun ilk iclası keçirilib.
Trend bu
barədə nazirliyə istinadən xəbər verir.
Maliyyə Nazirliyi və nazirliyin müvafiq strukturlarının rəhbər
və məsul şəxslərinin iştirakı ilə keçirilən iclasda İşçi Qrupun
rəhbəri, maliyyə nazirinin birinci müavini Anar Kərimov ölkəmizdə
ekoloji davamlılığın gücləndirilməsi, iqlim dəyişikliklərinin
təsirlərinin azaldılması və yaşıl maliyyələşdirmə alətlərinin
tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən
tədbirlər barədə danışıb. A.Kərimov vurğulayıb ki, ölkəmizdə yaşıl
maliyyə infrastrukturunun formalaşdırılması gələcəkdə suveren yaşıl
istiqrazların emissiyası üçün zəmin yaradacaq.
İclasda yaşıl istiqrazların emissiya çərçivəsi üzrə beynəlxalq
təcrübələr diqqət mərkəzində olub və bu təşəbbüsün Azərbaycanda da
tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb, Asiya İnkişaf Bankının
cəlb etdiyi ekspertlər tərəfindən suveren yaşıl istiqrazların
emissiyası üzrə görüləcək işlərin mərhələləri və əsas fəaliyyət
istiqamətləri nəzərdən keçirilib.
İşçi Qrupuna Azərbaycan Respublikasının suveren yaşıl
istiqrazlarının emissiyası üzrə çərçivə sənədinin layihəsinin
hazırlanması və yaşıl istiqrazlar vasitəsilə maliyyələşdiriləcək
ekoloji layihələrin seçilməsi meyarlarının müəyyənləşdirilməsi ilə
bağlı müvafiq tapşırıqlar verilib.

