Azərbaycan ABŞ iqtisadiyyatına investisiya qoyuluşunu 2 dəfədən çox artırıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr ayları ərzində Amerika Birləşmiş
Ştatlarından (ABŞ) Azərbaycana birbaşa xarici investisiyaların
həcmi 133,240 milyon ABŞ dolları təşkil edib.

Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31,082
milyon dollar və ya 30,4% çoxdur.

Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi
həcmində ABŞ-dən olan investisiyaların payı 2,8% təşkil edib.

Azərbaycan isə öz növbəsində cari ilin ilk 9 ayı ərzində ABŞ
iqtisadiyyatına 117,398 milyon dollar sərmayə qoyub ki, bu, ötən
ilin eyni dövrü ilə müqayisədə 71,112 milyon dollar və ya 2,5 dəfə
çoxdur.




Birbaşa xarici investisiyaların ümumi həcmində ABŞ-yə yatırılan
Azərbaycan investisiyalarının xüsusi çəkisi 5,8% təşkil edib.

2024-cü ilin ilk 9 ayı ərzində ABŞ-dən Azərbaycana birbaşa
xarici investisiyaların ümumi həcmi 102,158 milyon dollar,
Azərbaycandan isə bu ölkəyə yatırımların həcmi 46,286 milyon dollar
təşkil etmişdi.

Qeyd edək ki, 2025-ci ilin ilk 9 ayında Azərbaycan
iqtisadiyyatına birbaşa xarici investisiyalar 4,736 milyard ABŞ
dollarından çox olub. Bu isə 2024-cü ilin eyni dövründəki
göstəriciyə nisbətən 213,485 milyon ABŞ dolları və ya 4,7% artım
deməkdir.

Eyni zamanda hesabat dövrü ərzində Azərbaycandan xarici
iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə
2,039 milyard ABŞ dolları olub ki, bu da 2024-cü ilin ilk 9
ayındakı göstərici ilə müqayisədə 658,090 milyon ABŞ dolları və ya
47,7% çoxdur.