Gürcüstanın tanınmış heykəltəraşı, qrafik rəssamı Giya Caparidzenin yaratdığı əsərlər Tbilisinin bir sıra mərkəzi küçə, körpü və meydanlarını bəzəyir. Özünəməxsusluğu ilə seçilən heykəltəraşlıq nümunələri arasında ən məşhuru, Tbilisinin vizit kartlarından birinə çevrilmiş Barataşvili körpüsündəki “Gənclik” adlı kompozisiyadır. Mərkəzi körpünün insan boyunda tuncdan tökülmə “daimi sakinləri” Tbilisiyə səfər edən turistləri və əcnəbi qonaqları özünə çox cəlb edir. Bu məkan şəhərdə xatirə foto-şəklinin çəkildiyi əsas yerlərdən biridir.
İki dəfə Gürcüstanın “Şərəf” ordeni ilə təltif edilmiş Caparidzenin əsərləri ölkənin hüdudlarını çoxdan aşıb. Onun müəllifi olduğu abidə, heykəl və kompozisiyalar Niderland, Fransa, Moldova, Rusiya, İtaliya, ABŞ kimi ölkələrdə də ucaldılıb. Əsərləri bir sıra prezident və Baş nazirlərin, hətta Roma Papası II İohann Pavelin şəxsi kolleksiyalarında saxlanılır.
Gürcü heykəltəraşın müəllifliyi ilə hazırlanmış daha bir abidə Bakıda yerləşir. Söhbət Tbilisi prospektindəki Azərbaycan-Gürcüstan dostluğunu simvolizə edən “Azad olunmuş enerji” abidə kompleksindən gedir. Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin Bakıya və Ümummilli Liderimiz Heydər Əliyevə xüsusi hədiyyəsi olan monument 1998-ci ilin mayın 9-da açılıb.

APA-nın Tbilisi müxbiri Giya Caparidze ilə onun qalereyasında görüşüb, heykəltəraşla abidənin yaranma və ərsəyə gətirilməsi tarixçəsi barədə həmsöhbət olub. Onunla müsahibəni təqdim edirik.
“At heykəlini Tbilisidə hazırlayıb Bakıya apardıq”
– Batono Giya, öncə fürsətdən istifadə edib bu il qeyd etdiyiniz 80 illik yubileyiniz münasibətilə sizi təbrik etmək istəyirəm. İlk sualım müəllifi olduğunuz “Azad olunmuş enerji” abidəsi ilə bağlıdır. Monumentin ərsəyə gətirilməsi üçün niyə məhz siz seçilmişdiniz?
– Seçilməyimin əsas səbəbi at mövzusu ilə bağlıdır. Bu mövzu bütün həyatım boyu – uşaqlıq dövrümdən bu günə qədər davam edir. Qalereyamda ən çox at fiqurlarını, rəsmlərini və heykəlciklərini görürsünüz.
Eduard Amvrosyeviç (Şevardnadze) və Gürcüstanın Azərbaycandakı o zamankı səfiri, mərhum Giya Çanturiya abidə barədə qərar qəbul etmişdilər. Məni çağırdılar və bu barədə məlumatlandırdılar. Sonra Azərbaycanla təmaslar başladı, bir neçə dəfə Bakıya getdik. Həmin vaxt Azərbaycanın baş memarı dostum, çox yaxşı memar və gözəl insan Elbəy Qasımzadə idi. Qərar verildi ki, abidənin memarlıq tərəfini Qasımzadə işləyəcək. Layihə üzərində bir yerdə çalışdıq və son nəticədə Bakıda quraşdırılan maraqlı kompozisiya üzərində dayandıq. İşləri bir il ərzində başa çatdırdıq. Tbilisidə modeli və eskizi hazırlandı, böyüdüldü və qəlibə töküldü. Bu işlər Gürcüstanda həyata keçirildi, çünki bizdə tunctökmə sənətinin çox güclü məktəbi var. Hazır heykəli Bakıya apardıq və Qasımzadə sanki yerin təkindən çıxan cilalanmış iki qranit lövhəni hazırladı. Təxminən 5 metr hündürlükdə olan abidə enerjinin yerin təkindən azad olunmasını simvolizə edir və əsas motiv bundan ibarət idi.

– Abidə kompleksinin əsas və mərkəzi komponenti olan fiqur konkret hansısa bir atı əks etdirirmi?
– Abidədəki at ümumiləşdirilmiş at obrazıdır. Mən antik, yunan at heykəlləri üzərində işləmişəm. Hətta orta əsrlərə aid miniatürlər, Türkiyə və Azərbaycana aid at obrazları ilə də tanış olmuşam. Tbilisi ippodromundakı atlardan da rəsmlər çəkmişəm.
“Heydər Əliyev mənimlə bağlı göstəriş vermişdi”
– Abidənin açılış mərasimini necə xatırlayırsınız?
– Mərasim təntənəli şəkildə təşkil olunmuşdu. Mən də iştirak etmişdim. Növbəti gün – mayın 10-da Heydər Əliyevin doğum günü idi. Onun ad günü Xəzərin sahilindəki bağ evində qeyd olunurdu. Əliyev özü şəxsən göstəriş vermişdi ki, məni mütləq onun doğum günü mərasiminə dəvət etsinlər. Bu, mənim üçün böyük şərəf idi.
– Cənab Caparidze, Heydər Əliyevi bir şəxsiyyət və Gürcüstanın dostu kimi necə dəyərləndirə bilərsiniz?
– Heydər Əliyevin rolu sözsüz çox yüksək qiymətləndirilməlidir. Bu rol isə olduqca böyükdür. Onu Şevardnadze ilə böyük və güclü dostluq birləşdirirdi. Dostluqdan savayı onların hər ikisi həm də bu gün üçün önəmli əhəmiyyət kəsb edən regional iqtisadi layihələrin əsasını qoyublar. Əliyev və Şevardnadze yüksək zirvəyə aid şəxsiyyətlər və görkəmli siyasətçilər idilər. Onlar dünyada baş verən prosesləri çox yaxşı anlayırdılar. Gürcü xalqı Heydər Əliyevə çox minnətdardır. O, Gürcüstanda elektrik enerjisi və təbii qaz olmayanda bizə hər zaman çox köməklik göstərib. O, uzaqgörən lider, görkəmli və əsl tarixi şəxsiyyət idi. Heydər Əliyev Azərbaycanı möhkəmləndirib onu Cənubi Qafqazda çox güclü və zəngin dövlətə çevirə bilmişdi. Bu ilk növbədə Gürcüstan üçün çox vacibdir.

“Əliyevin əli ilə çiynimə vurması belə mənim üçün kifayət idi”
– Bəs, Heydər Əliyevlə söhbət etmək imkanınız olubmu?
– Onunla görüşlərdə iştirak etsəm də, vaxt çatışmazlığı səbəbindən söhbət aparmaq imkanımız olmayıb. Əliyev olduqca səmimi insan idi, mənə doğma münasibət göstərirdi. Onun əli ilə çiynimə vurması belə mənim üçün kifayət idi. Bu mənə hər şeyi aydın ifadə edirdi.
– Bakıdakı abidə ilə bağlı daha bir sualım onun adı ilə bağlıdır. Müəllifi olaraq monumentə hansı adı vermişdiniz? Əsərlərinizin siyahısında abidənin gürcü dilində adı Azərbaycan dilinə “Alovlu sıçrayış” kimi tərcümə olunur.
– “Azad olunmuş enerji” abidənin adlarından biridir. Bəli, gürcü dilində adı “Alovlu sıçrayış”, “Alovlu at”dır.
“Abidənin vəziyyəti ilə bağlı səfirlə danışığımız olub”
– Abidənin hazırkı vəziyyəti ilə maraqlanmısınızmı? Yəqin 27 il öncə quraşdırılmış monumentin bərpaya ehtiyacı yaranıb.
– Zaman ötdükcə abidələrdə müəyyən qopmaların yaranması təbiidir. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze ilə bu barədə danışığımız olub. O mənə bildirib ki, abidədə bərpa işləri aparılıb və onun vəziyyəti diqqətdə saxlanılacaq.

– Necə düşünürsünüz, monumentin yerləşdiyi adsız park Azərbaycan-Gürcüstan Dostluq Parkına çevrilə bilərmi?
– Bu çox əla fikirdir. Azərbaycan-Gürcüstan Dostluq Parkı məkana daha bir əhəmiyyətli yükləmə əlavə etmiş olardı. Həmin parkı daha baxmalı və görməli məkana çevirmək üçün turistik marşruta da daxil etmək olar. Düşünürəm ki, bəlkə də zamanla bu ideya reallaşdırılacaq.
“Azərbaycan-Gürcüstan mövzusunda yeni əsər hazırlamaq mənə çox xoş olardı”
– Batono Giya, yaratdığınız abidə Azərbaycanla Gürcüstan arasındakı 27 il öncəki dostluğu təcəssüm etdirir. Maraqlıdır, əgər dostluq münasibətlərimiz barədə yeni abidə layihəsini hazırlamaq təklifi alsaydınız, əsas ideyası nədən ibarət olardı?
– Bilirsiniz, desəm ki, bu abidəni hazırda necəsə görürəm sizə yalan söyləmiş olaram. İlk növbədə mövzu olmalıdır. Mövzusuz mümkün deyil. Mən azad formanın, siyasi və tarixi yükləmənin olmamasının tərəfdarı kimi çıxış edərdim. Əlbəttə ki, bu mövzuda yeni əsər hazırlamaq mənə çox xoş olardı. Böyük miqyaslı monumentə gəlincə isə bu, böyük hazırlıq tələb edir. İlk növbədə mövzu və məqsəd müəyyən edilməlidir. Bu, çox mürəkkəbdir. Həm də böyük məsuliyyətdir.
“Qarabağ atı kompozisiyası üzərində böyük həvəslə işləyərdim”
– Əsərlərinizin əsas mövzusunun at olduğunu nəzərə alaraq sizinlə söhbət zamanı toxuna bilməyəcəyim bir mövzu da var. Qarabağ atlarının şöhrəti barədə yəqin siz də məlumatlısınız. Bu mövzuda əsər yaratmaq təklifi alsaydınız, necə qarşılayardınız?
– Belə bir təklif olsa, bu mənim üçün böyük məna daşıyardı. Böyük həvəslə Qarabağ atı və ya atlarından ibarət kompozisiya hazırlayardım. Kompozisiyada Azərbaycanın böyük məqsədlərə doğru irəliləməsini simvolizə edən hərəkət və irəliyə sıçrayış olmalıdır. Mən belə təsəvvür edirəm. Düşünürəm ki, alleqorik yanaşma ən doğrudur. Şuşa şəhərində Qarabağ atlarından ibarət kompozisiyanın reallaşdırılması mənim üçün böyük şərəf olardı.

– Azərbaycan mövzusunda daha bir abidəniz görkəmli vokal ifaçımız Bülbülün Tbilisidə 2015-ci ildə açılan büstüdür. Bu abidənin yaranma tarixçəsi barədə də danışardınız.
– Gürcüstanın o zamankı mədəniyyət naziri Valeri Asatiani Tbilisidə Bülbülün büstünün ucaldılması barədə ideyanın olduğunu bildirdi. Qərar qəbul edilmişdi və şəhər rəhbərliyi ilə razılaşdırılmışdı. Büstü hazırlamaq mənə həvalə olundu. Bülbülün fotoşəkilləri və onun Gürcüstana münasibətini əks etdirən materiallarla tanış oldum. Ucaldığı yer çox uğurla seçildi. Abidə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin binası qarşısında çox xoş məkanda yerləşir. Axundov muzeyi və Bülbülün büstü bir yerdə olduqca isti atmosfer yaradıb.
“Qırmızı körpü yaxınlığındakı abidə unudulub”
– Bildiyim qədər Azərbaycan mövzusunda başqa əsəriniz olmayıb.
– Bəli, olmayıb. Amma 1981-ci ildə Azərbaycan-Gürcüstan sərhədində, Qırmızı körpü yaxınlığında “Gənclər dostluğu” abidə kompleksi açılmışdı. Onun layihəsini gürcü həmkarlarımla birgə hazırlamışdım. Böyük ölçüdə ağac formasında olan monument gürcü, Azərbaycan və erməni xalqları arasında dostluğu simvolizə edirdi. Abidə bu günə qədər durur, amma unudulub. Üzərində ciddi qopmalar var, bərpasına ehtiyac yaranıb. Abidə yaxınlığında sərhədçilər dayanır və ora yaxınlaşmaq buraxılış vərəqəsi ilə mümkündür.
Hazırda bölgəmizdə sülhə doğru irəliyə addımlar atılır. Ümid etmək olar ki, zaman yetişəcək və həmin abidənin bərpası məsələsi gündəmə gətiriləcək.

– Gürcüstandan xaricdə sərgilərinizin siyahısında Bakının adına rast gəlmədim. Bu vaxta qədər Azərbaycanda sərginizin təşkil edilməməsinə çox təəccübləndim.
– Təəssüf ki, Azərbaycanda hələ də fərdi sərgim olmayıb. Bakıda əsərlərimi böyük məmnuniyyətlə sərgiləyərdim. Bu sərgi üçün kifayət qədər əsərlərim var.
Bakıda sonuncu dəfə beş il bundan öncə olmuşam. Hələ o zaman Bakı fərqli idi. İndi Bakı daha gözəl şəhərdir, əhəmiyyətli obyektlər, gözəl və müasir binalar, mədəniyyət mərkəzləri inşa olunur. Şəhərdə mədəniyyət ön plandadır.
“Mədəni əlaqələrimiz intensiv deyil”
– Batono Giya, yaradıcı insan olaraq Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirə bilərsiniz?
– Azərbaycanlı həmkarlarımla yaxşı əlaqələrim var. Tbilisidə, Bakıda dəfələrlə səmimi şəraitdə görüşüb əməkdaşlıqla bağlı danışmışıq. Birgə layihələr barədə söhbətlərimiz olub, amma təəssüf ki, həmin səviyyədə də qalıb və bu istiqamətdə irəliləyiş əldə edilməyib.
Gürcüstanla Azərbaycan arasında mədəniyyət sahəsində təmaslara gəlincə, əlaqələr arzu olunan səviyyədə intensiv deyil. Ümid edirəm ki, bunu yoluna qoymaq mümkündür. Azərbaycanla Gürcüstan arasında mədəni əməkdaşlıq və təmaslar çox vacibdir. Bunlar olmadan irəliyə getmək mümkün deyil. Mədəni əlaqələrimizi o səviyyəyə yüksəltməliyik ki, hamı üçün nümunə ola bilsin və Cənubi Qafqazın vizit kartına çevrilsin.










