
Dünya iqtisadiyyatı sanksiyalar, geosiyasi gərginlik və tədarük zəncirlərinin pozulması səbəbindən durğunluq yaşayır, lakin bu geriləmə Mərkəzi Asiya ölkələrindən kənar keçir və onlar konstruktiv əməkdaşlıq nümunəsi göstərirlər.
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bunu Aşqabadda keçirilən Beynəlxalq Sülh və Etimad Forumunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.
“Geosiyasi gərginliyin artması, beynəlxalq sanksiyalar, ticarət tədarük zəncirlərinin pozulması, texnoloji rəqabət və digər çoxsaylı amillər nəticəsində dünya iqtisadiyyatı ən ciddi sınaqlarla üzləşib. Qlobal iqtisadiyyat yavaşlayır. Şükürlər olsun ki, Mərkəzi Asiya ölkələrini bu durğunluq kənardan keçir”, – Kasım-Jomart Tokayev vurğulayıb.
Qazaxıstan Prezidenti onu da qeyd edib ki, beynəlxalq gərginlik şəraitində tranzit əlaqələrinin möhkəmliyi, etibarlı nəqliyyat marşrutları və ticarətin fasiləsizliyini və proqnozlaşdırıla bilməsini təmin edə biləcək müasir rəqəmsal həllərin əhəmiyyəti dəfələrlə artır.
“Bu baxımdan, Mərkəzi Asiya dövlətləri aktiv və konstruktiv regional əməkdaşlıq üzrə nümunə göstərirlər ki, buna da Mərkəzi Asiya ölkələrinin rəhbərlərinin məşvərət şurası çərçivəsində keçirilən müntəzəm görüşləri mühüm töhfə verir”, – Kasım-Jomart Tokayev bildirib.
O həmçinin ölkələrin tranzit potensialının genişləndirilməsinin və nəqliyyat marşrutlarının inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

