Ceyhun Bayramov Macarıstan Prezidenti ilə görüşüb
Bakı. Trend:
Macarıstana işgüzar səfər çərçivəsində Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov Macarıstan Prezidenti Dr. Tamaş Şulyok
tərəfindən qəbul edilib.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, görüş ikitərəfli əməkdaşlığın dinamik gündəliyi
üzrə fikir mübadiləsi aparmaq və son illərdə əldə olunmuş
irəliləyişi qiymətləndirmək üçün dəyərli bir platforma yaradıb.
Tərəflər ticarət, investisiya, enerji təhlükəsizliyi, yaşıl
texnologiyalar, nəqliyyat əlaqəliliyi, təhsil və mədəni mübadilələr
daxil olmaqla əsas sahələr üzrə strateji tərəfdaşlığın
genişləndirilməsini müzakirə ediblər.
Azərbaycan və Macarıstan arasında qarşılıqlı faydalı əlaqələrin
möhkəmləndirilməsində davamlı siyasi dialoqun və yüksək səviyyəli
təmasların əhəmiyyəti vurğulanıb.
Regionumuzda post-münaqişə reallıqları, Ermənistanla normallaşma
prosesi, eləcə də Azərbaycanın azad edilmiş ərazilərində bərpa və
yenidənqurma işləri də müzakirə olunan məsələlər arasında olub.
Tərəflər regional və çoxtərəfli çərçivələr daxilində artan
əməkdaşlığı qeyd edərək, iki ölkə arasında əməkdaşlığın daha da
gücləndirilməsinə dair ortaq öhdəliyi vurğulayıblar.

