Bakı. Trend:
14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda
qeyd olunur ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən
özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və
ürəkbulanma əlamətləri müşahidə edilib.
Bu barədə Trend-ə 14 nömrəli tam orta ümumtəhsil məktəbindən
məlumat verilib.
Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi
yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə
çatdırılıb.
Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və
şagirdlərin valideynlərinə məlumat verib.
İlkin araşdırmalarla məlum olub ki, şagirdlərdən biri dərsə
gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif
yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar
özlərini narahat hiss etməyə başlayıblar.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiq
araşdırmalara başlanılıb.
Qeyd olunan şagirdlər müvafiq müayinə və uyğun tibbi
prosedurlara cəlb olunub. Vəziyyətlərinin qənaətbəxş olduğu
bildirilir.

