
Bakı. Trend:
Bu ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində
istehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyard
manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634
milyard manatlıq qeyri-ərzaq malları satılıb.
Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin
yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi
real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və
tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz
artıb.
2025-ci ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə
ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,4
faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün
məmulatlarının, 14,9 faizi toxuculuq məhsulları, geyim və
ayaqqabıların, 6,0 faizi avtomobil benzini və dizel yanacağının,
4,8 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq
məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər,
telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,0 faizi
isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə qeyri-dövlət sektorunda fəaliyyət göstərən
təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki
ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,7 faiz artaraq ümumi
pərakəndə ticarət dövriyyəsinin 99,8 faizini təşkil edib.
2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 2025-ci ilin
yanvar-noyabr aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə
müəssisələr üzrə 7,0 faiz, fərdi sahibkarlar üzrə 1,2 faiz, bazar
və yarmarkalarda isə 4,8 faiz artıb.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir
nəfəri orta hesabla ayda 519,9 manatlıq, o cümlədən 283,5 manatlıq
ərzaq məhsulları, içkilər və tütün məmulatları, 236,4 manatlıq
qeyri-ərzaq malları alıb.

