İKTA və “ICANN” Azərbaycanda domen adlarının idarəçiliyinin təkmilləşdirilməsi üzrə birgə yol xəritəsi hazırlayacaq

Baş səhifə

Bakı.Trend:

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA)
İdarə Heyətinin sədri Nail Mərdanov ilə internetin idarə edilməsinə
məsul beynəlxalq qurumlardan biri olan Təyin olunmuş Adlar və
Nömrələr üzrə İnternet Korporasiyasının (ICANN) vitse-prezidenti
Kris Mondini arasında görüş keçirilib.

Trend xəbər
verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN)
məlumat yayıb.

Bildirilib ki, Görüş Bakıda keçirilən Ümumdünya
Telekommunikasiya İnkişafı Konfransı çərçivəsində “ICANN”
rəhbərliyi ilə aparılan ilkin müzakirələrin davamı olaraq baş
tutub.

Görüşdə tərəflər Azərbaycanın domen adları üzrə idarəçilik
modelinin gücləndirilməsi, milli DNS infrastrukturunun
dayanıqlığının artırılması, eləcə də təhlükəsiz və sabit internet
ekosisteminin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi
aparıblar. Azərbaycanın qlobal internet idarəçiliyi proseslərində
daha fəal və sistemli şəkildə iştirakı, ən yaxşı beynəlxalq
təcrübələrin ölkədə tətbiqi və müvafiq sahədə tənzimləmə
çərçivəsinin təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.




Müzakirələr zamanı, həmçinin “ICANN” tərəfindən texniki bilik
mübadiləsi, İKTA əməkdaşları üçün potensialın artırılması
proqramları, yerli mütəxəssislər üçün təlim və seminarların
təşkili, eləcə də siyasət və normativ çərçivələrin inkişafında
ekspert dəstəyinin göstərilməsi imkanları nəzərdən keçirilib.
“ICANN” nümayəndələri Azərbaycanın regionda innovasiya və rəqəmsal
inkişaf proseslərinə verdiyi töhfəni yüksək qiymətləndirərək, bu
sahədə əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını
bildiriblər.

İKTA rəhbərliyi bildirib ki, Agentlik yarandıqdan sonra
nizamnaməsinə uyğun olaraq informasiya-kommunikasiya
texnologiyaları sahəsində bir sıra fəaliyyətin qanunvericilik
tələblərinə uyğunlaşdırılmasının monitorinqlərinə başlayıb.
Azərbaycanın domen adları sisteminin mövcud vəziyyəti,
qanunvericilik tələblərinə uyğunlaşdırılmanın zəruriliyi,
çətinliklər və müşahidə olunan boşluqlar barədə məlumat verilib.
Ölkədə bu sahə üzrə həm ictimaiyyət, həm də dövlət qurumları
tərəfindən müəyyən narahatlıqların mövcud olduğu diqqətə
çatdırılıb. Bildirilib ki, “ICANN” ilə daha sıx əməkdaşlıq domen
idarəçiliyində şəffaflığın, koordinasiyanın və dayanıqlığın
artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

“ICANN” rəsmiləri Azərbaycanın internet idarəçiliyi imkanlarının
genişləndirilməsi, regional və qlobal təşəbbüslərdə iştirakının
artırılması və milli domen ekosisteminin möhkəmləndirilməsi
istiqamətində səylərini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Onlar yaxın dövr üçün birgə seminarlar, texniki sessiyalar və
ekspert görüşlərinin keçirilməsi təşəbbüsünə müsbət yanaşdıqlarını
qeyd ediblər.

Görüşdə İKTA və “ICANN” əməkdaşlığı dərinləşdirmək və qarşıdakı
aylarda Azərbaycanda domen idarəçiliyinin inkişafına dair birgə Yol
Xəritəsi hazırlamaq barədə razılığa gəlib.