
Bakı. Trend:
10 dekabr 2025-ci il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf
“MVM Group”un baş icraçı direktoru Karoly Matrai ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə SOCAR məlumat yayıb.
Görüşdə şirkətlər arasında enerji sektorunun müxtəlif
istiqamətləri üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari
layihələr və gələcək tərəfdaşlıq imkanları ətrafında fikir
mübadiləsi aparılıb.
Tərəflər qaz tədarükü, infrastruktur layihələri, davamlı enerji
həlləri və regional tərəfdaşlıq istiqamətləri üzrə əməkdaşlığın
genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
Görüş çərçivəsində SOCAR ilə “MVM ONEnergy” arasında təbii qaz
təchizatına dair yeni saziş imzalanıb. 1 yanvar 2026-cı ildən
qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji
enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət
edir.
Təbii qaz təchizatına dair yeni saziş şirkətlər arasında əvvəlki
müqavilə əsasında hazırlanıb. Son illər ərzində hər iki şirkət
uğurlu, etibarlı və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini
davam etdiriblər. Tərəfdaşlığın uzadılması hər iki tərəfin
uzunmüddətli enerji əməkdaşlığına və regional enerji
təhlükəsizliyinə sadiqliyini əks etdirir.

