
Bakı. Trend:
Azərbaycan enerji səmərəliliyi sahəsinin geniş inkişaf
imkanlarına malikdir.
Trend xəbər
verir ki, bunu bütövlük (inteqrasiya) idarəetməsi üzrə menecer
Süleyman Süleymanov Bakıda keçirilən “Asset Integrity & Corrosion
and Coatings Conference” tədbirində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son illər ölkənin enerji bazarının təhlili
göstərir ki, enerji səmərəliliyi, enerji monitorinqi və
dayanıqlılıq istiqamətləri növbəti mühüm mərhələ kimi ön plana
çıxır:
“İlkin mərhələdə enerji təminatı və icarəsi sahəsində fəaliyyət
göstərən şirkətlər sonradan diqqəti mövcud resurslardan daha
səmərəli istifadəyə yönəldiblər. Ötən il Energetika Nazirliyi
tərəfindən elan olunan tender çərçivəsində məişət və sənaye
sektorunda, o cümlədən fabriklərdə enerji auditlərinin aparılması
nəzərdə tutulub. Bu məqsədlə yüksək enerji istehlakına malik 40-dan
artıq müəssisədən məlumatlar toplanıb, onların bir qismində isə
pilot layihə kimi ətraflı enerji auditi həyata keçirilib.
Aparılan təhlillər ölkədə enerji səmərəliliyi sahəsində
əhəmiyyətli potensialın mövcud olduğunu üzə çıxarıb. Hazırda
Energetika Nazirliyi ilə birgə kogenerasiya istiqamətində layihələr
üzərində işlər aparılır”.
O eyni zamanda vurğulayıb ki, bununla yanaşı, Asiya İnkişaf
Bankının maliyyələşdirdiyi istilik sistemlərinin dekarbonizasiyası
və bərpa olunan enerji mənbələrinin inteqrasiyasına dair texniki
yardım layihəsində də yerli şirkətlərin iştirakı təmin olunur.
Mütəxəssis daha sonra qeyd edib ki, enerji səmərəliliyi bərpa
olunan enerji layihələrindən fərqli olaraq vizual olaraq hiss
edilən sahə deyil:
“Günəş və ya külək enerji qurğularını fiziki olaraq görmək
mümkün olduğu halda, enerji səmərəliliyinin nəticələri daha çox
istehlakın azalması və resurslardan qənaətli istifadə formasında
özünü göstərir. Bununla yanaşı, bərpa olunan enerji layihələri
adətən yüksək kapital qoyuluşu tələb etdiyi halda, enerji
səmərəliliyi mövcud infrastrukturun düzgün təhlili və
optimallaşdırılması hesabına həyata keçirilir”.
“Dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşdırılan layihələr
enerji səmərəliliyinin inkişafına töhfə verir və bu istiqamətdə
işlərin davam etdirilməsi planlaşdırılır”, – S. Süleymanov əlavə
edib.


