Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilərə 4 il azadlıqdan məhrum edilmə cəzası təklif edilib

Baş səhifə

Bakı. Trend:

Şəhidlər xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri
videogörüntünü sosial şəbəkələrdə paylaşmağa görə polis tərəfindən
saxlanılan 3 Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali,
Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) cinayət işi üzrə
məhkəmənin növbəti prosesi keçirilib.

Trend xəbər
verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə sənədlər
tədqiq edilib.

Daha sonra cinayət işinə əlavə edilmiş videogörüntü prosesdə
nümayiş edilib.

Bununla da məhkəmə istintaqı yekunlaşıb. Daha sonra dövlət
ittihamçısı çıxış edib.

Prokuror Alzaman Mahdi Ali 4 il, Alghabr Mohammad Hussain 4 il,
Alghabr Mahdi Mohammad 4 il müddətə azadlıqdan məhrum edilməsini
təklif edib.




Zərərçəkən tərəf onları bağışladıqlarını bildirib. Müdafiə
tərəfi çıxış üçün məhkəmədən vaxt istəyib.

Növbəti prosesi 16 dekabrda keçiriləcəkdir.

Qeyd edək ki, avqustun 17-də 3 nəfər əcnəbi şəxsin Şəhidlər
xiyabanında nalayiq hərəkətlər etməklə çəkdikləri videogörüntünü
sosial şəbəkələrdə paylaşmaları barədə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə
turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial
şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 245-ci (Qəbir üzərində
təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb.