ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyası – Avropa ilə güclənən rəqabət – ŞƏRH

Baş səhifə

Bu günlərdə Ağ Ev ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasını (MTS) dərc edib. Sənəddə maraq doğuran əsas məsələlər Ştatların Rusiyaya və Avropa İttifaqına münasibətidir.

Rusiyanın Ukraynada apardığı müharibə beynəlxalq arenada bir sıra gizli, müəmmalı mətləbləri ifşa edib. Bu savaş ABŞ və Avropadakı müttəfiqlərinin hadisəyə, onun həlli yoluna münasibətinə də aydınlıq gətirir.

Birinci prezidentlik dövründə Donald Tramp Avropaya indiki MTS-də nəzərdə tutulan bəzi mətləblərin anonsunu sanki vermişdi. Onda Avropa İttifaqı liderləri Ağ Evin yiyəsi ilə dil tapmağa çalışır, bəzi hallarda isə irəli sürdüyü ideyaları ciddi qəbul etmirdilər.

Odur ki, bu sənədlə bağlı bəzi məqamlara nəzər salmaq istərdik.

MTS Ağ Ev tərəfindən Konqres üçün bir neçə ildən bir hazırlanan sənəddir. Orada ABŞ-nin milli təhlükəsizlik sahəsində əsas problemlər və onların həlli yolları təsvir olunur. Zaman keçdikcə beynəlxalq aləmdə baş verən hadisələrə uyğun olaraq o da dəyişikliyə uğrayır. İkinci Dünya Müharibəsi illərində ABŞ-nin vəzifəsi nasizm və yapon militarizminə məğlubiyyət gətirmək üçün səyləri səfərbər etmək olub. “Soyuq müharibə” dövründə bu siyasət çəkindiricilik məqsədi daşıyıb. Ancaq sonrakı dövrdə hədəflər dəyişib.

Əvvəllər təhlükəsizlik iki istiqamətdə – daxili və xarici məsələlər üzrə hazırlanırdı. İndiki şəraitdə isə bu, çoxvektorial xarakter alıb. Çünki ABŞ-nin iştirakı olmadan heç bir qlobal problem və layihə reallaşmır. Ona görə də təhlükəsizlik məsələlərində də şaxələnmə baş verib.

2001-ci il sentyabrın 11-də ABŞ-də törədilən silsilə terror aktları təhlükəsizlik sahəsində problemlərə diqqəti daha da artırıb və kəskin şəkildə aktuallaşdırıb. Həmin tarixdən sonra terrorçuluğa qarşı mübarizə Vaşinqton üçün prioritet olub. ABŞ-nin strateji hədəfləri genişlənib və yenilənib. İnformasiya texnologiyalarının inkişafı isə təhlükəsizlik sahəsində yeni sahə açıb.

Düşmən sayılan ölkələrin təhdidləri, ayrı-ayrı dövlətlərdəki ABŞ hərbçilərinin sayının azalması kimi məsələlər də aparıcı mövzulardan olub.

Əvvəlki MTS-də Rusiyada demokratiyanın inkişafına çox skeptik münasibət ifadə olunub. Orada qeyd edilirdi ki, lazım gəlsə, ABŞ müstəqil hərəkət etməyə hazır olmalıdır.

Ötən illərin sənədlərində bildirilib ki, ABŞ beynəlxalq nizamı qorumaq işində qlobal rola malikdir. O, öz dəyərlərini dünyada yaymağa çalışacaq, ancaq beynəlxalq sülhün saxlanılmasında təkbaşına məsuliyyət daşımağa hazır deyil – ABŞ beynəlxalq qaydanı Avropa, Asiya, Şimali və Cənubi Amerika, Yaxın Şərqdəki müttəfiqləri ilə qarşılıqlı əlaqədə saxlamaq niyyətindədir.

Sənədlərdə dünyada əsas güc mərkəzləri kimi Çin, Hindistan və Rusiya nəzərdən keçirilir. Regional təsir mərkəzləri – Braziliya, CAR, İndoneziya sayılır.

Donald Tramp 2019-cu ildə ABŞ-nin raketdən müdafiə sisteminin inkişafının yenilənmiş strategiyasını təqdim edib. Rusiya ilə yanaşı, onun bu istiqamətdə rəqibləri arasında Çin, KXDR və İran vurğulanıb.

Əvvəlki MTS müxtəlif hədəflər əsasında hazırlanıb. Məsələn, 2022-ci ilin Milli Təhlükəsizlik Strategiyası üç bənd ətrafında qurulmuşdu:

– Amerikan milli gücünün mənbələrinə investisiyalar;

– Kollektiv təsiri gücləndirmək üçün geniş millətlər koalisiyasının səfərbər edilməsi;

Cozef Bayden

– Texnologiyadan kiberfəzaya, ticarət və iqtisadiyyata qədər 21-ci əsrin iqtisadiyyatının inkişafı qaydalarının formalaşdırılması.

D.Tramp sələfi Cozef Bayden administrasiyası tərəfindən hazırlanmış həmin sənədi artıq yeniləyir. Bu MTS-də ABŞ Avropa ölkələrinə hazırkı trayektoriyalarını düzəltməyə kömək etmək, həmçinin avroskeptikləri və vətənpərvərlik ruhunu dirçəltməyə çağırılan ideoloji yaxın qüvvələri dəstəkləyərək Aİ-nin aktual siyasi kursuna müqaviməti yetişdirmək niyyətindədir.

Sənədə əsasən, Ştatlar Avropa İttifaqına əks olaraq “sağlam millətlər” adlandırılan Mərkəzi, Şərqi və Cənubi Avropanın ayrı-ayrı ölkələri ilə tərəfdaşlığı gücləndirmək niyyətindədir. Bununla yanaşı, MTS-də Avropa ilə əməkdaşlıq ABŞ üçün vacib sayılır.

ABŞ bu sənəddə rəqabət qabiliyyəti olan, Avropa qitəsində dominantlığın qarşısını almaq üçün onunla birgə fəaliyyət göstərməyə qadir Aİ-nin lazım olduğunu vurğulayır.

Sabiq Almaniya kansleri Angela Merkellə Donald Tramp arasında mübahisəli məsələlər uzaq keçmişdə deyil, 8 il öncə baş verib. O vaxt da Tramp NATO və İttifaq üzvlərindən müdafiə ilə təhlükəsizlik xərclərini artırmağı tələb edirdi. Bu, yeni sənəddə də öz əksini tapır.

Trampın komandası Avropa ölkələrindən öz ərazilərinin müdafiəsi üçün daha ciddi məsuliyyət götürməsini tələb edir. Yeri gəlmişkən, Aİ-nin SAFE silahlanma proqramı bu ilin yanvarında “ReArm EU” adı altında yaradılıb.

150 milyard avro həcmində olan bu proqram Avropa Komissiyasının cəlb etdiyi vəsait hesabına Avropa İttifaqı ölkələrində birgə hərbi layihələrin maliyyələşdirilməsini nəzərdə tutur. Bundan başqa, Aİ üzrə müdafiə xərclərinə 800 milyard avrodan çox ayırmaq məqsədi daşıyan Avropa Komissiyasının 2030-cu ilə qədər Avropanın yenidən silahlanması (hazırlığı) Planının ilk komponentidir.

Sənədə görə, qitənin öz güclərinə söykənə biləcəyi və razılaşdırılmış suveren dövlətlər qrupu kimi fəaliyyət göstərə biləcəyi, o cümlədən müdafiəsi üçün əsas məsuliyyəti öz üzərinə götürə biləcəyi bir şərait yaratmaq lazımdır.

Habelə, sənəddə ABŞ və Avropa ölkələri arasında “ideoloji uçurum” birbaşa qeyd olunub.

Bundan əlavə, MTS-də Avropa kütləvi miqrasiya və “siyasi azadlığın sarsıdılması” səbəbindən “məhv olmaq təhlükəsi ilə üzləşən sivilizasiya” adlandırılır. Sənəddə qeyd olunub ki, indiki tendensiyalar davam edərsə, Avropa 20 il və ya daha tez bir zamanda tanınmaz dərəcədə dəyişəcək.

Prezidentliyinin birinci dövründə Donald Tramp Angela Merkellə dialoqunda Almaniya hökumətinin ölkəyə 890 min qaçqın buraxmaq qərarını “fəlakətli səhv” adlandırmışdı. O, Avropa İttifaqına “Almaniyanın aləti” deyərək istehza etmişdi.

Bu baxımdan, tərəflər arasında ziddiyyətli məqamlar qalmaqdadır.

Avropanın bəzi liderləri, siyasilər sənədə təmkinli yanaşıblar. Avropa Komissiyasının keçmiş sədri Romano Prodinin sözlərinə görə, İttifaq sistemli şəkildə cavab vermək və öz siyasətini düzəltmək qabiliyyətindədir: “Bu, ABŞ ilə əlaqələrin qırılması demək deyil, əksinə səs hüququna sahib olmaq deməkdir”.

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas da oxşar fikirlər söyləyib. O vurğulayıb ki, ABŞ və Avropa İttifaqının mövqelərindəki ciddi fərqlərə baxmayaraq, münasibətlərin pozulması riskləri minimaldır: “Biz əsas müttəfiqlərik və birlikdə olmalıyıq”.

Polşanın baş naziri Donald Tusk isə daha sərt reaksiya verib. O, Donald Trampı Avropa ölkələrini ən yaxın müttəfiq hesab etməyə çağıraraq NATO üçün ümumi təhdidlərin mövcudluğunu xatırladıb: “Əziz amerikalı dostlar, Avropa sizin ən yaxın müttəfiqinizdir, probleminiz deyil. Bizim ümumi düşmənlərimiz var (…). Biz buna riayət etməliyik, əgər nəyisə dəyişməyibsə bu, bizim ümumi təhlükəsizliyimiz üçün yeganə ağlabatan strategiyadır”.

Sənəddə vurğulanıb ki, söz azadlığı, vicdan, öz hökumətini seçmək hüququ kimi prinsipləri bölüşən, yaxud bölüşdüklərini söyləyən, ölkələrə münasibətdə ABŞ onların qorunması üçün qətiyyətlə çıxış edəcək. Avropada və başqa demokratik dünyada elita tərəfindən qəbul edilən azadlıq məhdudiyyətlərinə qarşı çıxacaq.

Bu müddəa Avropada çox sərt qarşılanıb.

Almaniyanın xarici işlər naziri Yohann Vadefuhl bildirib ki, Avropa ölkələri söz azadlığı və demokratiya barədə mühazirələrə ehtiyac duymur: “Hesab edirik ki, gələcəkdə bu məsələləri tamamilə müstəqil müzakirə edə biləcəyik və kənar məsləhətlərə ehtiyacımız yoxdur”.

Aİ ilə ABŞ arasında Rusiyaya münasibətdə fikir ayrılığı mövcuddur.

Vaşinqton Ukraynada hərbi əməliyyatların danışıqlar vasitəsilə dayandırılmasına nail olmağı hədəfləyib. Ona görə də Avropanı Rusiya ilə münasibətlərində qətiyyətsizlikdə təqsirləndirir: “Avropa müttəfiqləri nüvə silahları istisna olmaqla, demək olar ki, bütün göstəricilər üzrə Rusiya üzərində əhəmiyyətli güc üstünlüyünə malikdirlər”.

Bildirilib ki, Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində Avropanın Rusiya ilə əlaqələri əhəmiyyətli dərəcədə zəifləyib: “Bir çox avropalıları Rusiyanı ekzistensial təhlükə kimi görürlər… Avrasiyada strateji sabitliyin bərpası və Rusiya ilə Avropa dövlətləri arasında münaqişə riskinin azaldılması üçün ABŞ-ın əhəmiyyətli diplomatik iştirakına ehtiyac olacaq…”.

MTS-də RF ilə münasibətlərdə strateji sabitliyin bərpası və risklərin azaldılması prioritet kimi göstərilir. Qeyd olunub ki, ABŞ siyasətinin ümumi istiqamətlərindən biri Avropada sabitlik, Rusiya ilə münasibətlərdə strateji sabitliyin bərpası olmalıdır. Sənəddə o da ayrıca vurğulanıb ki, ABŞ-nin iştirakı olmadan Rusiya ilə Avropa ölkələri arasında münaqişənin qarşısını almaq mümkün deyil.

Avropa ölkələri üçün gözlənilməz məsələlərdən biri də sənəddə Ukrayna kontekstində məhz İttifaqa üzv hökumətləri münaqişənin bitməsini istəməyən və “qeyri-realist gözləntiləri bəsləyən” aktorlar kimi göstərilməsidir. Orada Rusiya-Ukrayna müharibəsinin nizamlanması isə ABŞ-nin əsas marağı kimi təqdim edilir.

Bu Strategiyanı 1823-cü ilin iyulunda qəbul edilmiş “Monro doktrinası”na qayıtmaq kimi dəyərləndirirlər. Bu, Amerika kontingentinin Avropa müstəmləkəçilik niyyətlərinə bağlanması ideyası barədə keçmiş ABŞ prezidenti Ceyms Monronun müraciətidir. Bu müraciət “Müqəddəs İttifaq”ın İspaniyanın keçmiş müstəmləkələrində öz ağalığını bərpa etmək istəyinə qarşı irəli sürülmüşdü.

“Monro doktrinası”nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilmiş, ABŞ-nin Avropanın daxili işlərinə qarışmayacağına təminat verilir, eyni zamanda Avropadan Amerika dövlətlərinin daxili işlərinə qarışmamaq tələb olunurdu. “Monro doktrinası” Qərb yarımkürəsində ABŞ-nin nüfuz dairəsini genişləndirmək imkanını artırırdı.

Bu baxımdan, hesab edilir ki, Ştatlar Qərb yarımkürəsində dominantlıq ideyasına qayıtmaq niyyətindədir.

Qeyd olunub ki, ABŞ bu doktrina ilə Yer kürəsinin bu hissəsində üstünlüyünü bərpa etmək, bütün region boyunca əsas nöqtələrə çıxışı təmin etmək üçün “Monro doktrinası”nı yenidən həyata keçirməyə başlayacaq.

Yeni MTS-i həm də Donald Trampın “Amerikanı yenidən güclü edək!” (“Make America great again!”) şüarının istiqamətləri də saymaq olar. Avropa İttifaqın bu yolda ona mane olması çətin olacaq. Dünyanın yeni nizamında Aİ Ştatlarla bir mövqedə olmazsa, müttəfiqliyini itirə bilər. Beləliklə, vaxtilə İspaniyanı Amerika materikində sıradan çıxaran doktrina bu dəfə onun üzvü olduğu qurumu hədəf alıb.