Serbiya Avropa İttifaqının səhiyyə sisteminə qoşulub

Baş səhifə
Serbiya Avropa İttifaqının səhiyyə sisteminə qoşulub

Serbiya rəsmən Avropa İttifaqının (Aİ) səhiyyə sahəsindəki “EU4Health” proqramına qoşulub.

“Report” xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Serbiyanın səhiyyə naziri Zlatibor Lonçar və Avropanın səhiyyə məsələləri üzrə komissarı Oliver Varheyi Brüsseldə bununla bağlı sənəd imzalayıblar. Bildirilib ki, “EU4Health” Avropa İttifaqının tarixində səhiyyə sahəsində dəyəri 5 milyard avronu keçən ən böyük proqramdır.

Zlatibor Lonçar bildirib ki, bu proqramda iştirak təkcə maliyyə dəstəyi yox, həm də Serbiyanın öz səhiyyə sistemini Aİ-nin standartlarına uyğunlaşdırmaq cəhdlərinin təsdiqidir:

“Bu proqram ancaq texniki və maliyyə yardımı deyil. “EU4Health”ə qoşulmaq Avropanın tibbi birliyinə daxil olmaqdır. Proqrama uyğun Serbiya vətəndaşları bərabərhüquqlu mövqeyə sahib olacaqlar”.

Serbiyanın səhiyyə naziri qeyd edib ki, ölkənin məqsədi daha güclü, müasir və effektiv səhiyyə sisteminə malik olmaqdır. “Bu sistem Avropa normalarına cavab verməlidir. Amma Serbiya vətəndaşlarının da tələbatı nəzərə alınmalıdır”, – deyə Lonçar vurğulayıb.

Komissar Varheyi isə Belqradla əməkdaşlıqdan məmnun olduğunu qeyd edib.

“Biz Avropa İttifaqında olduğu kimi, birliyə üzv olmağa namizəd ölkələrdə də səhiyyəni yaxşılaşdırmağa köklənmişik. Nazir Lonçarla birlikdə layihədə maksimum effekt əldə edəcəyik”, – deyə o bildirib.