“Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni
paradiqmalar” mövzusunda təlim keçirilib.

Trend xəbər
verir ki, TƏBİB-in və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin
(Agentlik) təşkilatçılığı ilə müxtəlif media qurumlarının
nümayəndələri və TƏBİB-in nəzdindəki tibb müəssisələrində fəaliyyət
göstərən ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam
dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar”
mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə
Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və
kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki,
təşkil edilən təlimin əsas məqsədi media nümayəndələrinin tibbi
savadlılığının artırılması, TƏBİB-in fəaliyyət istiqamətləri üzrə
mediada tez-tez təkrarlanan yanlışlıqlara aydınlıq gətirilməsi,
piar və effektiv kommunikasiya kimi mövzularda ictimaiyyətlə
əlaqələr üzrə mütəxəssislərin bilik və bacarıqlarının
artırılmasından ibarətdir:

“Təlim müddətində həm də icbari tibbi sığorta sistemində
ambulator dərman vasitələri ilə təminat, dövlət proqramlarının,
strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların
icrası prosesində TƏBİB-in rolu məlumatlılığın artırılması, eləcə
də emosional sağlamlıq və emosional zəka mövzularında interaktiv
məşğələlərin keçirilməsi nəzərdə tutulub”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin
rəhbəri Aynurə Əhmədova bildirib ki, bu il icbari tibbi sığortaya
müraciətlərdə artım dinamikası davam edib:

“Cari ilin ilk 11 ayı ərzində icbari tibbi sığorta çərçivəsində
vətəndaşlara 86 milyondan çox tibbi xidmət göstərilib. Əhali
tərəfindən dövlət tibb müəssisələrinə müraciətlər 4%, xidmətlərin
icrası isə 12% artıb. Eyni zamanda dövlət tibb müəssisələrində 347
mindən çox əməliyyat icra olunub.

Ən çox uroloji, təbii doğuş və qeysəriyyə əməliyyatları üstünlük
təşkil edib. Özəl tibb müəssisələrinə 10 ay ərzində verilən 260
mindən çox göndəriş isə vətəndaşların seçim imkanlarını və tibbi
xidmətlərə əlçatanlığı daha da genişləndirib”.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur
Hidayətoğlu deyib ki, 2025-ci ilin 11 ayı ərzində müxtəlif media
subyektlərindən şöbəyə 5 060 sorğu daxil olub:

“Onlardan 4 953-ü cavablandırılıb. 107 sorğu isə TƏBİB-in
səlahiyyətlərinə aid olmayıb və onlar müvafiq olaraq
yönləndirilib”.

E.Hidayətoğlu eyni zamanda media nümayəndələrindən daxil olan
sorğuların mövzuları, medianın diqqət etməsi zəruri olan mövzular,
sorğuların cavablandırılma qaydaları ilə bağlı iştirakçıları
məlumatlandırıb.
Agentliyin Dərman və tibbi vasitələr şöbəsinin müdiri Elmin Quliyev
bildirib ki, dərman vasitələrinin təminat prosesi sistemli və
şəffaf qaydada həyata keçiriləcək:

“Dərman vasitələrinin pozitiv siyahıya daxiledilməsi müəyyən
olunmuş meyarlara əsasən qiymətləndiriləcək və siyahı rübdə bir
dəfə yenilənəcək. Ambulator dərman təminatı prosesində özəl aptek
təşkilatları ilə əməkdaşlıq ediləcək. Aptek lisenziyası olan və
müvafiq əczaçılıq üzrə sertifikasiyadan keçmiş əczaçılardan ibarət
işçi heyətə sahib olan aptek təşkilatları Agentliklə əməkdaşlıq
üçün könüllü müraciət edə biləcəklər. Pozitiv siyahıda yer alan
dərman vasitələrinin şərti kompensasiya məbləğinin 100%-i Agentlik
tərəfindən qarşılanacaq ki, bu da keyfiyyətli və təhlükəsiz dərman
vasitələrinin əlçatanlığını artıracaq”.

TƏBİB-in İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Turan
İbrahimova çıxışında bildirib ki; təcili və təxirəsalınmaz tibbi
yardım xidməti təcili hallar üçün 15 dəqiqə, təxirəsalınmaz
vəziyyətlər üçün isə 15 dəqiqə-1 saat müddətində icra
edilməlidir:




“2024-2025-ci illərdə tibb müəssisələrinin Təcili tibbi yardım
şöbələrinə müraciət edən pasiyentlərin 73.9%-nə 4 saata qədər
xidmət göstərilib.

Tibbi xidmət üçün gözləmə müddəti ixtisaslı ambulator yardım
üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq,
instrumental diaqnostik və laborator müayinələr üçün göndəriş
verildiyi tarixdən 14 gündən gec olmayaraq, koxlear implant
sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi,
transplantasiya xidmətləri istisna olmaqla planlı stasionar yardım
üçün göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq, təcili
tibbi yardım isə tibbi göstərişə əsasən dərhal
göstərilməlidir”.

Respublika Pediatriya Mərkəzinin psixoloqu Dəniz Umarova “Özünə
qayğı: emosional sağlamlıq üçün praktik yanaşmalar” mövzusunda
təqdimatla çıxış edib:

D.Umarova stres və onun həyat fəaliyyətinə təsiri, stresin
artmasına təsir göstərən faktorlar, neqativ düşüncə, davranış və
emosiyaların idarə olunması, stresin azalmasına təsir göstərən
günlük fəaliyyət növləri, stres vəziyyətində olan şəxsə ilkin
psixoloji yardım, nəfəs və proqressiv rahatlama texnikalarından
düzgün istifadə qaydaları barədə iştirakçıları məlumatlandırıb.

TƏBİB-in Dövlət proqramları şöbəsinin müdiri Səkinə Qurbanova
çıxışında dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət
planlarının və konsepsiyaların icrası prosesində TƏBİB-in rolundan
bəhs edib:
“Dövlət proqramları uzunmüddətli müalicəyə ehtiyacı olan
vətəndaşların ödənişsiz dərman və tibbi xidmətlə təmin olunması
üçün qurulan sistemdir.

Səhiyyə sahəsində olan dövlət və tədbirlər proqramlarının əsas
məqsədləri bərabər çıxış, davamlı təminat və əlilliyin və ölüm
hallarının azaldılmasıdır. Sözügedən proqramlar şəkərli diabet,
dağınıq skleroz, xroniki böyrək çatışmazlığı xəstələri və
transplantasiya sonrası pasiyentlərə, onkoloji xəstələrə,
yenidoğulmuşlara, uşaqlar və s. aid olur”.

Daha sonra yalan və insan davranışları üzrə mütəxəssis Təbriz
Hacınskinin “İnsan tanıma sənəti və emosional zəka” mövzusunda
interaktiv təlimi baş tutub.

T.Hacınski profaylinq sistemi, şizoid, isteroid, paranoyallar,
epileptoidlər, emotivlər, hipertim və depressiv hallar üzrə
iştirakçıları məlumatlandırıb. O qeyd edib ki, insanları tanımaq
dünyanı dəyişdirməyin ən səssiz yoludur.

Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorunun müavini
Anar İsrafilov çıxış edib. O bildirib ki, media nümayəndələri
dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır.

A.İsrafilov TƏBİB tərəfindən səhiyyə sahəsində aparılan işlərin
düzgün şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media
nümayəndələrinə və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə
təşəkkür edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Təlim çərçivəsində media nümayəndələrinin ixtisaslı həkimlər
tərəfindən müayinələri həyata keçirilib.
Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli
əməkdaşlığa, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislərə isə təlimdə
iştiraka görə sertifikatlar təqdim edilib.