
Bakı. Trend:
“AzerGold” QSC və onun törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz”
MMC-nin təşkilatçılığı ilə Daşkəsən rayonunda məktəb komandaları
arasında basketbol turniri keçirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyinin
Gəncə–Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Elm və Təhsil
Nazirliyinin Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin dəstəyi ilə
keçirilən turnirdə ümumilikdə 6 məktəb komandası iştirak edib.
Daşkəsən şəhəri 2 nömrəli tam orta məktəbin meydançasında
keçirilən turnirin final oyunu və mükafatlandırma mərasimində
məktəbin adını daşıdığı şəhid Anar Mürsəlovun anası Qızbəs
Abbasova, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov,
“AzerGold” QSC-nin müşaviri Anar Abdullayev, “Daşkəsən Dəmir Filiz”
MMC-nin baş direktorunun müavini Mirsadıx Yaqubzadə, eləcə də
Gənclər və İdman Nazirliyi, regional qurum və idarələrin rəhbər
şəxsləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən rəsmi şəxslər ölkəmizdə idmanın inkişafına
göstərilən dövlət qayğısından, xüsusilə bölgələrdə idman
infrastrukturlarının yenilənməsi və əlçatanlığının artırılmasından
söz açıblar.
Bildirilib ki, bu kimi turnirlər yeniyetmə və gənclərin fiziki
və sosial inkişafına, komanda ruhu, liderlik və məsuliyyət kimi
müsbət keyfiyyətlərin formalaşmasına mühüm töhfə verir.
Nitqlərdə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-nin
korporativ sosial məsuliyyət çərçivəsində həyata keçirdiyi
layihələrin bölgənin sosial-ictimai həyatında mühüm rol oynadığı
qeyd olunub.
Yekunda 3 günlük turnirdə qalib gələn komandalar, həmçinin “Ən
yaxşı oyunçu” nominasiyasının qalibi və turniri idarə edən hakimlər
mükafatlandırılıb. Qaliblərə kubok, medal və diplom təqdim
edilib.
Qeyd edək ki, turnirin yekununda Anar Mürsəlov adına 2 nömrəli
tam orta məktəbin komandası birincilik əldə edib. Yarışda 2-ci və
3-cü yerləri müvafiq ardıcıllığa uyğun olaraq Daşkəsən şəhəri,
Səməd Vurğun adına 4 nömrəli tam orta məktəb və Daşkəsən şəhəri,
İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin basketbol
komandaları tutub.

