Daşkənd şəhərində “Üstyurt” Əməliyyat Şirkətinin ofisinin açılış mərasimi olub

Baş səhifə

Bakı. Trend:

Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Üstyurt” Əməliyyat
Şirkətinin ofisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə
Heyətinin sədri Baxodirjon Sidiqov, SOCAR-ın vitse-prezidenti Arzu
Cavadova, layihə komandalarının üzvləri, eləcə də layihənin ərsəyə
gəlməsinə töhfə verən dövlət qurumlarının nümayəndələri iştirak
ediblər.

Çıxışlarda “Üstyurt” Əməliyyat Şirkətinin geoloji-kəşfiyyat
potensialının inkişafına, bu sahədə qabaqcıl texnologiyaların
tətbiqinə və regionun enerji dayanıqlığının gücləndirilməsinə
əhəmiyyətli töhfə verəcəyi vurğulanıb. Bildirilib ki, şirkətin
yaradılması və ofisin açılması Azərbaycan və Özbəkistan arasında
mövcud olan möhkəm dostluq və qardaşlıq münasibətlərinin
nəticəsidir. İki ölkə başçısının siyasi iradəsi və ali dövlət
səviyyəsində dəstək bu kimi mühüm layihələrin həyata keçirilməsi və
onların uğurlu icrasına zəmin yaradır.




Qeyd edək ki, “Üstyurt” investisiya bloklarının (Boyterak,
Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) kəşfiyyatı,
işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi Azərbaycan–Özbəkistan
enerji əməkdaşlığı strategiyasının həyata keçirilməsində mühüm
mərhələ hesab olunur.

Operator şirkətin ofisinin istifadəyə verilməsi layihənin aktiv
əməliyyat mərhələsinə keçdiyini göstərir. Qısa müddət ərzində
zəruri hazırlıq işləri yerinə yetirilib: operator qeydiyyatdan
keçirilib, vacib lisenziyalar əldə olunub və geoloji-kəşfiyyat
işlərinin başlanmasına dair prosedurlar icra olunub.