Kiberhücum cəhdinin qarşısı alındı – Mənzillərin seçimi uğurla başa çatdı

Baş səhifə

Mənzil İnşaatı Dövlət Agentliyinin layihələri – Hövsan Yaşayış
Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci
mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi,
Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax
Yaşayış Kompleksində yerləşən ümumilikdə 627 mənzilin ipoteka
kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş
üsulu ilə “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən
“Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə 03.12.2025-ci
il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi
müvafiq qaydalara uyğun olaraq şəffaf şəkildə həyata
keçirilmişdir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Respublikasının Mənzil İnşaatı
Dövlət Agentliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə məlumatında qeyd
olunub.

Bildirilib ki, ilk mənzil seçimi 21-ci saniyədə baş tutub. Bu
saata olan məlumata görə seçilmiş 627 mənzilin 584-ü üzrə
vətəndaşların ərizələri elektron qaydada imzalanaraq uğurla təqdim
edilmişdir.

Mənzillərin seçimi prosesinə Mənzil İnşaatı Dövlət Agentliyinin
inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan
Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan
Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət
Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində
fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə
nəzarət edilmişdir. Mənzil seçimi prosesinə nəzarət zamanı müxtəlif
kiberhücum cəhdləri müşahidə edilmiş, lakin Xüsusi Rabitə və
İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilmiş
təhlükəsizlik mexanizmlərinin işə düşməsi ilə həmin cəhdlərin
qarşısı uğurla alınmışdır. Vətəndaşlar “Güzəştli mənzil”
sistemindən yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və
təlimata uyğun istifadə etməli və onun işinə qanunsuz kibermüdaxilə
cəhdlərindən çəkinməlidirlər. Xüsusi Rabitə və İnformasiya
Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən tətbiq edilən informasiya
təhlükəsizliyi mexanizmləri sayəsində bu qəbildən olan cəhdlər
operativ şəkildə aşkarlanır, neytrallaşdırılır və sistemin
təhlükəsiz fəaliyyəti daimi nəzarətdə saxlanılır.

Seçim mərhələsi başa çatdıqdan sonra isə Mənzil İnşaatı Dövlət
Agentliyinin nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan
təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə
mənzillərin daha sürətli seçilməsinin qarşısının alınması məqsədilə
seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini
əyani olaraq nümayiş etdirmişdir.




“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin
sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi
Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 9
dekabr 2025-ci il tarixində saat 11:00-da başlayacaq və 12 dekabr
2025-ci il tarixi saat 11:00-dək davam edəcəkdir.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan
çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə
qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş
müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində
müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və
layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir
neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et”
düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə
bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin
ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən
mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq
həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif
ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci
sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil
gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif
ediləcəkdir.

Qeyd edək ki, 03.12.2025-ci il tarixində seçilmiş mənzillər
barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.