Xəyanətkar əməllər layiqli hüquqi qiymətini alacaq

Baş səhifə

Bakı. Trend:

AXCP adlanan qurumun rəhbəri Əli Kərimlinin Dövlət Təhlükəsizlik
Xidməti tərəfindən saxlanılması və məhkəmə tərəfindən barəsində
həbs qətimkan tədbirinin seçilməsi nəzərləri yenidən onun antimilli
əməllərinə yönəltdi. Eyni zamanda, aparılan araşdırmalar
çərçivəsində onunla Ramiz Mehdiyevin dövlətimizə qarşı xəyanətkar
əlaqələrinin aşkara çıxarılması cəmiyyətimiz tərəfindən qəzəblə
qarşılanmaqdadır.

Siyasətdə müxalifətçilik siyasi düşüncə tərzini nümayiş etdirən
fəaliyyətin göstəricisidir. Bütün demokratik dövlətlərdə siyasi
idarəçiliyin xarakterindən asılı olmayaraq, iqtidar-müxalifət
münasibətləri mövcuddur. Çünki müxalifətin mövcudluğu demokratik
sistemin əsas elementlərindən biridir. Azərbaycan da demokratiya
yolu ilə inkişaf edir. Respublikamızda fəaliyyət göstərən çoxsaylı
müxalifət partiyaları ölkənin siyasi həyatında iştirak edir, o
cümlədən Milli Məclisdə, bələdiyyələrdə təmsil olunurlar.

Müxalifətçilik sivil formada, dövlətin qanunları çərçivəsində
həyata keçirilməlidir. Sivil müxalifətçilik həm də siyasi
mədəniyyətin göstəricisidir. Müxalifət partyaları da dövlətin milli
maraq və mənafeləri hər şeydən üstün tutmalı, öz proqramları və
düşüncələri ilə ölkə qarşısında duran vəzifələrin daha sürətlə
gerçəkləşməsinə xidmət etməlidirlər. Lakin bu deyilənlər Əli
Kərimlinin rəhbərlik etdiyi AXCP adlanan marginal qruplaşma üçün
tamamilə yad anlayışlardır. Çünki onların fəaliyyəti hər zaman
sivil müxalfətçilikdən tamamilə uzaq olub. Amma yalnız uzaq
olmayıb, həm də bu qruplaşmanın əməlləri dövlətə və xalqa qarşı
yönəlib. Əli Kərimli və ətrafındakılar hər zaman düşmən dəyirmanına
su töküblər, dövlətimizin uğurlarına qara yaxmağa çalışıblar.

Məlum olduğu kimi, Azərbaycanın yüksəlişi, regionda lider
dövlətə çevrilməsi, qlobal enerji təhlükəsizliyi məsələlərində söz
sahibi kimi çıxış etməsi Qərbdə mənzillənən və dünya erməniliyinin
əsas elementi olan antiazərbaycançı şəbəkə tərəfindən daim
narahatlıq və qısqanclıqla qarşılanıb. Ona görə hər zaman ölkəmizin
uğurlarına kölgə salmağa çalışıblar, bu məqsədlə respublikamıza
qarşı çirkin kampaniyalar həyata keçiriblər. Zaman-zaman xarici
KİV-də Azərbaycanı hədəfə alan məqalələrin dərc olunması, insan
hüquqları təşkilatları tərəfindən qərəzli hesabatların hazırlanması
məhz antiazərbaycançı şəbəkənin sifarişləri əsasında həyata
keçirilib. Onların Azərbaycanda əməkdaşlıq etdikləri isə Əli
Kərimlinin rəhbərlik etdiyi AXCP, o cümlədən Cəmil Həsənlinin
rəhbərliyi ilə Milli Şura adlanan marginal qruplaşma olub. Həm
AXCP, həm Milli Şura tapşırıqları birbaşa xarici dövlətlərdən
alıblar, onların ölkəmizdəki beşinci kolonu rolunu oynayıblar və
son günlərdə Əli Kərimlinin ətrafında aparılan istintaq tədbirləri
də bunu təsdiq edir.

Yaxşı xatirimizdədir, Vətən müharibəsi zamanı respublikamızdakı
siyasi partiyalar həmrəylik nümayiş etdirəndə Əli Kərimlinin
rəhbərlik etdiyi qruplaşma bundan uzaq oldu, xalqımızın haqq
mübarizəsinə qoşulmadı. Sosial şəbəkələrdə etdiyi çıxışlarla Əli
Kərimli Zəfərimizə kölgə salmağa çalışdı. Çünki bu, onun
antiazərbaycançı dairələrdən aldığı göstəriş idi.

Azərbaycan xalqının Əli Kərimli, Cəmil Həsənli, o cümlədən
İstanbulda saxlanılan Gültəkin Hacıbəyli kimilərinin təmsil
olunduğu bu qaragüruhçu qruplaşmaya nifrətinin kökündə dayanan
çoxsaylı səbəblərdən biri bu adamların dövlətə və xalqa xəyanət
yolunu tutmalarıdır. Bu günlərdə Əli Kərimli ilə bağlı həyata
keçirilən tədbirlər çərçivəsində onunla Ramiz Mehdiyev arasında
əməkdaşlığa dair dəlillərin aşkarlanması bir daha göstərir ki,
xəyanətkar şəbəkənin əməlləri hakimiyyəti zorla ələ keçirməyə,
dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlib.

Azərbaycan dövləti və hüquq-mühafizə orqanları hər zaman
ayıqdır, dövlətçiliyimizin dayaqları möhkəmdir. Heç kim, heç bir
qüvvə dövlətimizə və onun konstitusiya quruluşuna təhdid yarada
bilməz. Buna cəhd edənlər, hakimiyyəti zorla ələ keçirməyə,
dövlətimizin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn
hərəkətlərə yol verənlər isə qanun qarşısında layiqli cəzalarını
alacaqlar.

Xanlar Fətiyev,

Milli Məclisin deputatı