
Bakı. Trend:
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gürcüstanın Marneuli
şəhərində 73 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və
inkişafı üçün ITEC LLC (International Turbine Engine Company)
şirkətinə 25,5 milyon ABŞ dolları (22,1 milyon avro) məbləğində
kredit ayrılmasını təsdiqləyib.
Trend bu haqda
AYİB-ə istinadən xəbər verir.
Bildirilir ki, layihənin ümumi dəyəri 34,9 milyon dollardır.
“Müəssisə ölkədə sənaye miqyaslı ən böyük günəş elektrik
stansiyasının yaradılmasını nəzərdə tutur ki, bu da bərpa olunan
enerji mənbələrinin genişləndirilməsi istiqamətində mühüm addım
olacaq. Yeni stansiya Gürcüstanın milli enerji sisteminə 73 MVt
həcmində günəş gücü əlavə etməyə imkan verəcək, enerji balansının
şaxələndirilməsinə dəstək verəcək və mövcud hidroelektrik
generasiyaları tamamlayacaq.
Gözlənilir ki, stansiya ildə təxminən 91,1 milyon kVt/s elektrik
enerjisi istehsal edəcək ki, bu da karbon qazı emissiyalarının hər
il təxminən 21 077 ton azalmasına şərait yaradacaq”, – məlumatda
qeyd olunur.
Vurğulanır ki, layihə AYİB-in müəyyən etdiyi keçidin iki
istiqamətini eyni zamanda dəstəkləyir:
Rəqabətli keçid – enerji bazarında özəl sektorun inkişafına və
rəqabətin güclənməsinə töhfə verir;
“Yaşıl” keçid – iqlim dayanıqlığına və emissiyaların
azaldılmasına əhəmiyyətli töhfə verir.

