Azərbaycan AQEM-də Asiya Universitetləri arasında əməkdaşlıq və iqlim dəyişiklikləri platforması yaradacaq – Fariz İsmayılzadə

Baş səhifə

Bakı. Trend:

Bu gün ADA Universitetində beynəlxalq Konfrans təşkil olunub.
Konfransa 42 ölkədən iştirakçı qatılıb və fəaliyyət
göstərəcəklər.

Trend xəbər verir ki, bunu bu
gün ADA Universitetində keçirilən “Yaşıl enerji və dayanıqlılıqda
universitetlərin rolu” mövzusunda beynəlxalq konfransda Milli
Məclisin Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə
bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu il AQEM-də (Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) sədrlik
edir. Azərbaycan sədrliyi çərçivəsində bir neçə təşəbbüs, layihə və
proqram irəli sürüb:

“Bunlar arasında Asiyada yerləşən universitetlərin birləşməsi,
onların arasında şəbəkələşmənin yaradılması, qitə ölkələri arasında
akademik mübadilələr, əməkdaşlıq və qarşılıqlı elmi-tədqiqatların
aparılması da var. ADA Universiteti Asiya universitetləri arasında
AQEM təşkilatı çərçivəsində sədr seçilib və artıq bir ildən çoxdur
ki, ADA Asiya universitetlərini birləşdirərək müxtəlif konfranslar
və tədbirlər təşkil edir”.

Deputat qeyd edib ki, bugünkü konfransın əsas məqsədi Asiya
universitetləri arasında iqlim dəyişiklikləri üzrə əməkdaşlıq
platformasının yaradılmasıdır:

“Burada “yaşıl enerji”, iqlim keçidi və Qarabağda aparılan işlər
müzakirə ediləcək, Azərbaycan öz təcrübəsini bölüşəcək. Alimlər və
professorlar arasında fikir mübadiləsi aparılacaq, birgə layihələr
nəzərdən keçiriləcək.

Azərbaycanın AQEM təşkilatında sədrliyi davam edir. ADA
Universiteti növbəti il üçün də müxtəlif proqramlar və planlar
hazırlayıb. Akademik və elmi mübadilələr, Asiya universitetləri
arasında professorların birgə şəbəkəsinin yaradılması – bütün bu
fəaliyyətlər iki il ərzində davam edəcək.

Biz ümid edirik ki, 42 ölkədən gələn qonaqlar Azərbaycanın
reallıqları, iqlim siyasəti və COP29-da görülən işlərlə tanış
olacaq və öz ölkələrində də müəyyən elmi işlərdə bunlardan istifadə
edəcəklər.

Konfrans iki gün davam edəcək. Bakı ətrafındakı “yaşıl enerji”
ilə bağlı müxtəlif layihələr ziyarət olunacaq. 4 paneldə elmi
müzakirələr də təşkil ediləcək. İştirakçılar həmçinin ADA
Universiteti ilə ikitərəfli birgə layihələri müzakirə
edəcəklər”.