
Bakı. Trend:
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Tamaş Yojef Tormanla görüşüb.
Trend xəbər
verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat
yayıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu diaspor
siyasətindən danışan komitə sədri, həmçinin Türk Dövlətləri
Təşkilatının (TDT) diaspor məsələlərinə məsul qurumların
başçılarının bu günlərdə keçiriləcək görüşünə Macarıstanın ev
sahibliyi etməsinə diqqət çəkib. Bildirib ki, tədbir iştirakçı
ölkələr arasında əlaqələrin dərinləşməsinə, yeni əməkdaşlıq
formatlarının yaradılmasına töhfə verəcək.
Qonağa xarici ölkələrdəki Azərbaycan Evləri, həftəsonu
məktəbləri, Koordinasiya Şuraları kimi çoxistiqamətli layihələr,
həmçinin beynəlxalq informasiya məkanının güclü aktoruna çevrilən
diasporumuzun fəaliyyəti barədə geniş məlumat verilib.
Səmimi qəbula görə təşəkkürünü bildirən səfir ölkələrimiz
arasında mədəni əlaqələrin genişlənməsinin vacibliyindən söz açıb,
Macarıstanın hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini
bildirib. Xarici ölkələrdəki macar icmaları barədə müfəssəl məlumat
verən qonaq, eyni zamanda ölkələrimiz arasında əməkdaşlığın
müxtəlif sahələrdə, o cümlədən diaspor fəaliyyəti sahəsində uğurla
davam etdiyini və bundan sonra daha da güclənəcəyinə ümidvar
olduğunu bildirib.
Görüşdə Azərbaycan və Macarıstan diaspor təşkilatları arasında
əlaqələrin gücləndirilməsi, mədəni-humanitar layihələrin təşviqi,
xüsusilə gənclər üçün mübadilə proqramlarının çoxalması və ortaq
layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışılıb.
Bununla yanaşı, Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi
ölkələrin diaspor qurumlarının rəsmiləri üçün təşkil olunan II
“INTERNSHIP” (təcrübə) proqramı iştirakçılarının ölkəmizə, o
cümlədən Qarabağa səfərləri də diqqət mərkəzinə gətirilib.
Tamaş Yojef Torman Azərbaycan dilinə sevgisini və dilimizi
öyrənmək istəyini ifadə edib. Səfirə Diasporla İş üzrə Dövlət
Komitəsinin dəstəyi ilə xaricdəki soydaşlarımız üçün çap olunan
“Azərbaycan dili” və Azərbaycan dilini öyrənmək istəyən xaricilər
üçün hazırlanan “A grammar of contemporary Azerbaijani” (“Müasir
Azərbaycan dilinin qrammatikası”) kitabları hədiyyə olunub.
Görüş qarşılıqlı əməkdaşlığın perspektivlərinə dair fikir
mübadiləsinin aparılması ilə yekunlaşıb.

