
Bakı. Trend:
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika Mərkəzi
Gömrük postunda ölkəyə idxal, ixrac və tranzit daşınan yüklərin
gömrük rəsmiləşdirilməsi həyata keçirilir.
Trend xəbər
verir ki, bunu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Logistika
Mərkəzi Gömrük postunun rəisi Rövşən Mahmudzadə həmin quruma təşkil
olunan mediatur çərçivəsində jurnalistlərə açıqlamasında
bildirib.
Onun sözlərinə görə, Logistika Mərkəzi ölkə ərazisinə idxal
edilən, ixrac olunan, eləcə də tranzit və transfer yüklərinə gömrük
nəzarətini təmin edir:
“Gömrük rəsmiləşdirilməsi Avtomatlaşdırılmış Risk Analiz Sistemi
(ARAS) vasitəsilə aparılır. ARAS sistemi yüklərin yoxlanışa cəlb
olunmasını xüsusi indikatorlar əsasında müəyyən edir.
Yoxlamalar zamanı yüklərin qanunvericiliyə uyğunluğu
araşdırılır. Uyğunluq təsdiqləndikdən sonra yüklər ölkəyə
buraxılır, pozuntu halları aşkar edildikdə isə müvafiq tədbirlər
görülür”.
R. Mahmudzadə bildirib ki, Logistika Mərkəzi Gömrük postunda
sutka ərzində orta hesabla 80 ton idxal, 5 ton ixrac və 600 ton
tranzit-transfer yükü gömrük rəsmiləşdirilməsindən keçirilir.
“İdxal, ixrac və tranzit yüklər əsasən hava daşıyıcıları
vasitəsilə gətirilir. Daşınan yüklərin əsas istiqamətləri ABŞ,
Avropa ölkələri və Birləşmiş Ərəb Əmirlikləridir”, – o qeyd
edib.


