Amaliya Pənahova Dram Teatrda “Xurşidbanu Natəvan”la yad edildi (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Akademik Milli Dram Teatrında görkəmli sənətkar, Xalq artisti
Amaliya Pənahovanın 80 illik yubileyinə həsr edilən “Xurşidbanu
Natəvan” tamaşası nümayiş olunub.

Trend xəbər verir
ki,tamaşanın nümayişindən əvvəl çıxış edən Mədəniyyət naziri Adil
Kərimli Amaliya Pənahovanın Azərbaycan mədəniyyətindəki əvəzolunmaz
rolundan danışıb. Bildirib ki, Amaliya Pənahova milli teatr və kino
sənətimizə dəyərli töhfələr verməklə yanaşı, eləcə də teatr
təşkilatçısı, pedaqoq idi və Ümummilli lider Heydər Əliyev,
Azərbaycan Prezidenti İlham Əliyev, o cümlədən Azərbaycanın Birinci
xanımı Mehriban Əliyeva tərəfindən onun sənəti hər zaman yüksək
qiymətləndirilmiş, bütün mədəniyyət sahəsi olduğu kimi, böyük
aktrisamızın da sənəti daim dövlət qayğısı ilə əhatə olunmuşdu.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov,
Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, Bakı Bələdiyyə
Teatrının baş rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov böyük
sənətkar haqqında xatirələrini bölüşüblər, onun yaratdığı hər bir
rolun uğurlu sənət yolundan danışıblar.




Daha sonra vaxtı ilə Amaliya Pənahovanın rol aldığı və
uzunömürlü tamaşalardan olan “Xurşidbanu Natəvan” nümayiş olunub.
Xalq yazıçısı İlyas Əfəndiyevin pyesi əsasında hazırlanan tamaşanın
bədii rəhbəri və quruluşçu rejissoru Xalq artisti Azər Paşa
Nemətov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham
Elxanoğlu, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Xurşidbanu
Natəvan), Kazım Abdullayev (Canişin), Əməkdar artist Anar Heybətov
(Knyaz Xasay), Əməkdar artist Elşən Cəbrayılov (Seyid Hüseyn),
aktyor Elçin Əfəndi (Hidayət xan), Xalq artisti Rafiq Əzimov (Mirzə
Ruhullah), Əməkdar artist Elnar Qarayev (Mamayı), aktyor Vüsal
Mustafayev (Zahir bəy), Xalq artisti Hacı İsmayılov (Qoca Knyaz),
aktyorlar Ramin Şıxəliyev (Daşdəmir), Lalə Süleymanova (Bəyim),
Əməkdar artist Mirzə Ağabəyli (kor kamançaçı), Əməkdar artist Kazım
Həsənquliyev (Məliküldövlə), aktyorlar Cavidan Novruz (Nəvvab),
Məhsəti Tahirzadə (Təhminə), Rüstəm Rüstəmov (Şahmar), Əməkdar
artistlər Əlvida Cəfərov (Möhnət), Ayşad Məmmədov (Qala rəisi),
Elşən Rüstəmov (Şahzadə), aktyor Tural İbrahimov (Mixaylov), Firuzə
Balayeva, Elsevər Rəhimov, Elçin Nurəliyev, Nəzrin Abdullayeva
(kültəvi səhnə) iştirak edirlər.