COP prosesi çərçivəsində vacib missiyalar Azərbaycana həvalə olunur

Baş səhifə

Bakı.Trend:

Azərbaycan COP sədrliyini Braziliyaya təhvil verdikdən sonra da
iqlim diplomatiyası sahəsində fəal qalmağa davam edir. COP29
çərçivəsində və COP30-a hazırlıq dövründə ölkələr arasında
qazandığı etimad sayəsində COP prosesi çərçivəsində vacib
missiyalar Azərbaycana həvalə olunur.

Trend xəbər verir ki, bu
xüsusda, COP29 çərçivəsində qəbul edilmiş Bakı Maliyyə Hədəfi
qərarına uyğun olaraq Azərbaycan və Braziliya COP29 və COP30
sədrlikləri olaraq qlobal iqlim maliyyəsinin 1.3 trilyon ABŞ
dollarına yüksəldilməsinə dair “Bakıdan Belemə Yol Xəritəsi”ni
hazırlayaraq COP30 çərçivəsində təqdim etmişdir. COP-un iki
Sədrliyinin birlikdə hazırladığı bu yol xəritəsi əksər dövlətlər
tərəsindən yüksək dəyərləndirilmiş və müsbət qarşılanmışdır.

Həmçinin Braziliya tərəfinin xahişinə əsasən COP30-da qəbul
edilməsi gözlənilən aşağıdakı 2 mühüm qərarla bağlı danışıqların
aparılması və həmin sənədlərin razılaşdırılması Azərbaycana həvalə
olunmuşdur:

COP31-in ev sahibinin müəyyənləşdirilməsi ilə bağlı qərar




COP30 sədri André do Lago Azərbaycan xarici işlər nazirinin
müavini Yalçın Rəfiyev və Braziliya XİN-in xüsusi tapşırıqlar üzrə
səfiri Mauricio Lyrioya COP30 sədrliyi adına COP31-in ev sahibinin
müəyyən edilməsi üzrə yüksək səviyyəli danışıqların aparılması
səlahiyyətini verib.

Trend-in məlumatına görə,COP31-ə ev sahibliyi uğrunda Avstraliya
və Türkiyə mübarizə aparır. Hazırda hər iki səlahiyyətli nümayəndə
intensiv şəkildə Avstraliya və Türkiyə arasındakı danışıqlara
vasitəçilik edir, həll yolunu müəyyən etməyə çalışır.

COP30-un ən vacib mümkün nəticələrindən biri hesab edilən Paris
Sazişinin Qlobal Qiymətləndirmə İcmalı (Global Stocktake -GST) ilə
bağlı sənədin razılaşdırılması

COP30 Sədri André do Lago Azərbaycan və Norveç nümayəndələrinə
prosesə onun adından rəhbərlik etmək və dövlətlər arasında
danışıqlar aparmaq mandatını vermişdir. Bu danışıqlara Azərbaycan
tərəfdən rəhbərliyi xarici işlər nazirinin müavini Yalçın Rəfiyev,
Norveç tərəfdən isə bu dövlətin iqlim və ətraf mühit naziri Andreas
Bjelland Eriksen edir.